İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İCESCO) İslam İrsi Siyahısı Komitəsinin Rabatda (Mərakeş) keçirilən 3-cü növbədənkənar iclasında Azərbaycanın Qarabağ bölgəsində  erməni işğalı zamanı dağıdılmış mədəni irsin və qədim abidələrin dəqiqləşdirilməsi və müvafiq siyahıya əlavə edilməsi məsələsi müzakirə edilib.

Komitə tərəfindən bu fəaliyyətin həyata keçirilməsi məqsədilə xüsusi komissiya yaradılması qərara alınıb. Komissiya Azərbaycanın aidiyyəti dövlət strukturları ilə birlikdə erməni işğalçılarının dağıdıb talan etdiyi ərazilərdə qədim İslam irsi abidələrinin bərpası məsələsi ilə bağlı da hesabat hazırlayacaq.

İclasda Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, Fələstin, Yəmən, Mərakeş, İraq, İordaniya, Küveyt və Omanda yerləşən 66 qədim irs nümunəsi İslam dünyası irsi siyahısına daxil edilib.

Bundan başqa, hər il “İslam dünyası mədəni irsi aylığı”nın keçirilməsi, İCESCO-nun “Gələcəyə yol” Proqramının təsdiq olunması barədə də qərarlar qəbul edilib.