Qazaxıstanın böyük şairi, yazıçısı, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin 175 illik yubileyi bu türkdilli ölkələrin təmsil olunduğu silsilə tədbirlərlə qeyd edilir. 2020-ci il TÜRKSOY tərəfindən türk dünyasında “Abay Kunanbayev ili” elan edilib. Pandemiya səbəbindən yubiley tədbirləri virtual formatda gerçəkləşir.
Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Özbəkistan alimlərinin iştirakı ilə “Türk xalqları arasında təhsil hərəkatı və Abayın yaradıcılığı” adlı onlayn konfrans keçirilib. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli onlayn konfransda çıxış edib.
Konfransda akademik İsa Həbibbəyli böyük qazax mütəfəkkirinin türk xalqları ədəbiyyatı tarixində özünəməxsus yerindən söz açıb. Bildirib ki, Abay qazax xalqının böyük ideallarının yazarıdır. Dədə Qorqud bütöv türk dünyası üçün kimdirsə, Abay da Qazaxıstan üçün belə bir şəxsiyyətdir.
Akademik həmçinin Abay yaradıcılığının Azərbaycanda təbliği və tədqiqi məsələlərindən də danışıb. O, Mahmud Kaşqari adına Beynəlxalq Fondun “İRS” seriyasından Abayın şeirlərinin, poemalarının Azərbaycan dilinə tərcüməsindən ibarət kitabın bu yaxınlarda nəşr olunduğunu, ölkəmizdə böyük qazax şairinə həsr edilmiş konfransların keçirildiyini diqqətə çatdırıb.