Dekabrın 14-də Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “İRS. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərində” adlı virtual sərgi açıldı.

Milli incəsənətimizin nadir incilərini geniş tamaşaçı auditoriyasına təqdim etmək, Azərbaycan təsviri sənətinin rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələrinə yenidən diqqəti artırmaq məqsədilə keçirilən sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkə hesabları vasitəsilə təqdim olundu.

Virtual ekspozisiyada qalereyanın fondunda yer alan qiymətli sənət nümunələri – Tahir Salahovun “Küləkli Nardaran”, Nadir Əbdürrəhmanovun “Xalça toxuyan”, Rasim Babayevin “Ailə”, Toğrul Nərimanbəyovun “Görüş”, Maral Rəhmanzadənin “Gözəl kəndimiz”, Altay Hacıyevin “Qədim qab-qacaq seriyası. Səhənglər”, Xanlar Əhmədovun “Yaralı əsgər”, Həyat Abdullayevanın “Vəcihə Səmədovanın portreti”, Ömər Eldarovun “Neftçilər” və s. əsərlər yer alıb.

Qalereyanın “İnstagram” və “Facebook” səhifələrinin izləyiciləri müxtəlif janrlarda təqdim olunan əsərlərdə bir daha Azərbaycan təsviri sənət tarixinə səyahət etmiş oldular. Bu əsərlərin hər birində sənətin izləri, ənənə və mədəni irsin təntənəsi hiss olunur. Təsviri sənət tariximizə öz adlarını həkk edən sənətkarların mövzu cəhətdən bir-birindən maraqlı əsərləri izləyicini düşünməyə vadar edir.

Virtual sərginin də öz qaydaları var. Sərgidə təqdim olunan sənət nümunələrindən əsl zövq almaq üçün onları duymağa həm də hazır olmaq lazımdır. Əsərlərdə müəlliflərin təsəvvür və təxəyyüllərini hiss edirik. Hər bir müəllif duyduğunu təsvir edib və biz bir tamaşaçı olaraq bu gün həmin təsəvvürlərdən boylanan sirləri ilk dəfə virtual olaraq izləyə bildik. Sərgilənən 100-ə yaxın əsərin hər biri izləyiciyə bir sənət nağılı danışırdı...

Lalə AZƏRİ