Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi ölkəmizdə fəaliyyət göstərən 200-dən çox müxtəlif təyinatlı muzeylərlə əməkdaşlıq edir. Mərkəzin mütəxəssisləri tərəfindən muzeylərin fond və ekspozisiyaları üçün bərpa işləri həyata keçirilir.

Elmi Bərpa Mərkəzin “Qarabağın xilas olunmuş mədəni sərvətləri” layihəsi çərçivəsində Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinə məxsus eksponatlar bərpa edilib. 2020-ci ildə həyata keçirilmiş bərpa işləri nəticəsində muzeyin bir sıra eksponatları yeni həyat qazanıb.

Mərkəz muzeyə məxsus eksponatların bərpasını əks etdirən virtual fotosərgini təqdim edib.

Qeyd edək ki, bu il yaranmasının 40 illiyini qeyd edən Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi rayonun işğalından sonra Bakıda – Azərbaycan İstiqlal Muzeyində fəaliyyət göstərir. Cəbrayılın işğaldan azad edilməsi ilə bu mədəniyyət ocağı da doğma yurda dönəcəyi günü gözləyir.