Fəaliyyət mövcud karantin şəraitinə uyğun davam etdirilir

Respublikamızın şəhər və rayonlarındakı mədəniyyət müəssisələri pandemiya vəziyyətinin, eləcə də ayrı-ayrı yerlərdə sərtləşdirilən karantin rejiminin reallığını nəzərə alaraq fəaliyyətlərini mövcud şəraitə uyğun davam etdirirlər. Bu şəraitdə tədbir və layihələrin bir qismi onlayn formatda, distant şəkildə həyata keçirilir.

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Sən elə bir zirvəsən...” adlı videokonfrans keçirilib. Mərkəzin direktoru Rəşadət Sadıqov, Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov və mərkəzin əməkdaşları videokonfransda çıxış ediblər. Sonra “Heydər Əliyev və tərəqqi yolunun başlanğıcı” adlı videoçarx nümayiş etdirilib.

Ulu öndərin vəfatının 17-ci ildönümünü Zaqatala rayon Heydər Əliyev Mərkəzi də videokonfransla qeyd edib. Mərkəzin direktoru Famil Rəhimov bildirib ki, müstəqil Azərbaycanın əldə etdiyi tarixi uğurlar dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Vətən müharibəsində xalqımıza qələbə bəxş edən Silahlı Qüvvələrimizin təməli də Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu sayəsində formalaşıb.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə “Əlçatmaz zirvə - ulu öndər Heydər Əliyev” adlı onlayn tədbir keçirilib. Çıxış edənlər dahi liderin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıblar.

***

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux rayon Heydər Əliyev Mərkəzi YAP Samux rayon təşkilatında videokonfrans keçirib. Tədbirdə rayon təşkilatının sədri Gündüz Bayramov ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi siyasət haqqında tədbir iştirakçılarına məlumat verib.

Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Türkiyə Cümhuriyyətinin Gəncədəki konsulluğunun, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin iştirakı ilə “Ulu öndər Heydər Əliyev – müasir Azərbaycanın qurucusu” mövzusunda onlayn konfrans təşkil edilib. Tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağ zəfərindən söz açıblar.

***

Respublikamızın hər bölgəsində olduğu kimi, İsmayıllı rayonunda da ulu öndərin anım günü qeyd edilib. Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov, mədəniyyət müəssisələrinin əməkdaşları ümummilli liderin mərkəzi meydanda yerləşən heykəlinin önünə gül dəstələri düzərək xatirəsini yad ediblər. Sonra İsmayıllı rayon Heydər Əliyev Mərkəzində ulu öndərə həsr edilmiş sərgiyə baxış keçirilib.

***

Ağstafa Regional Mədəniyyət İdarəsində Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. İştirakçılar Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin abidəsini ziyarət ediblər.

İdarənin rəisi Vüqar Qədirov tədbirdə çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında müstəsna xidmətləri olduğunu deyib. Tədbir mərkəzin foyesində Ağstafa rayon MKS-nin təşkil etdiyi kitab sərgisinə baxışla davam etdirilib. Sonra iştirakçılar “Dahi şəxsiyyət” sənədli filminə baxıblar.

Regional idarənin tabe müəssisələri olan Ağstafa, Qazax, Tovuz rayon Heydər Əliyev mərkəzləri və Ağstafa rayon MKS-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda videokonfrans keçirilib.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Heydər Əliyev Mərkəzində ulu öndərə həsr olunmuş tədbir keçirilib. “Heydər Əliyev və Azərbaycan” adlı tədbir mərkəzin nəzdində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə birgə təşkil olunub.

Sabirabad rayon Mədəniyyət Mərkəzi isə ağacəkmə aksiyası keçirib. Mərkəzin həyətində  100-dək müxtəlif növ ağac əkilib, abadlıq işləri aparılıb.

Regional idarənin tabe müəssisəsi olan Şirvan şəhər Heydər Əliyev Mərkəzi, şəhər Təhsil şöbəsi və Gənclər və İdman idarəsi tərəfindən 1-12 dekabr tarixində orta ümumtəhsil məktəblərin şagirdləri arasında keçirilən “Sən elə bir zirvəsən” mövzusunda esse-yazı müsabiqəsinə yekun vurulub. Ümummilli liderin anım gününə həsr olunmuş müsabiqədə məktəblərin V-IX sinif şagirdləri iştirak ediblər.

Həsən Ələkbərzadə (11 nömrəli məktəb), Arzu Müzəffərova (13 nömrəli məktəb) və Ülvi  Qardaşov (10 nömrəli məktəb) 1-3-cü yerlərə layıq görülüblər.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin 11 saylı Şirvanlı kənd kitabxana filialı Azərbaycan Ordusunun şanlı Qələbəsindən və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadədən bəhs edən “Gülərüzlü şəhidim” adlı videoçarx hazırlayaraq sosial şəbəkə vasitəsilə paylaşıb.

***

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Güclü lider və zirvədən dünyaya səslənən qalib Azərbaycan” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda Milli Məclisin deputatı, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov və Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin direktor və əməkdaşları iştirak ediblər.

Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında anım tədbiri təşkil olunub.  Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında danışıb. Kitabxanada “Əbədiyaşar lider” adlı sərgi açılıb.

N.MƏMMƏDLİ