Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə yekunlaşdı. Qorxmaz, cəsur oğullarımız Azərbaycanın hərb tarixinə qəhrəmanlıq salnaməsi yazdılar. Bu tarixi zəfərin qazanılmasında minlərlə Vətən övladı ilə bərabər cəbhəyə könüllü yazılan və səfərbərliyə cəlb olunan mədəniyyət işçilərinin də payı var.

Xəbər verdiyimiz kimi, mədəniyyət müəssisələrində çalışan 65 nəfər Vətən müharibəsində iştirak edib. Müxtəlif döyüş bölgələrində qəhrəmanlıq göstərən mədəniyyət işçilərimizdən 6 nəfər şəhidlik zirvəsinə ucalıb.

 

Uşaqların sevimli tar müəllimi

 

Rauf İlyas oğlu Əliyev 1993-cü ilin 11 fevralında Şamaxı şəhərində anadan olub. Sumqayıt şəhər Soltan  Hacıbəyov adına Musiqi Kollecini tar ixtisası üzrə bitirib. 2012-2014-cü illərdə ordu sıralarında xidmət edib.

Rauf Əliyev 2015-ci ildən İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbində tar müəllimi işləyirdi. Məktəbdə çalışdığı dövr ərzində kollektivin rəğbətini qazanmışdı. Uğurla tədris etdiyi dərslər, uşaqlarla səmimi ünsiyyət qurmaq bacarığı qısa müddətdə onu şagirdlərinin sevimli müəlliminə çevirmişdi.

Ermənistan işğalçı hərbi birləşmələrinin sentyabrın 27-dən cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına cavab olaraq Ordumuz Ali Baş Komandanın əmri ilə əks-hücuma keçdi. Vətən müharibəsi başlandı.  Sentyabrın 28-də səfərbərlik üzrə orduya çağırılan Rauf  Əliyev də ön cəbhəyə yola düşdü. Vətən torpaqları uğrunda gedən döyüşlərə qatıldı. Tarzən müəllim sentyabrın 30-da Ağdərə istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə ucaldı...

Rauf  Əliyev doğulub boya-başa çatdığı Şamaxıda dəfn olunub.

 

Topçu kimi qırx gün döyüş yolu keçdi

 

Tural Rövşən oğlu Hümmətov 20 may 1998-ci ildə Lənkəran şəhəri Tatova kəndində doğulub. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. Kompüter sahəsində bilgi və hazırlığı nəzərə alınaraq 2018-ci ildə Lənkəran şəhər Mədəniyyət Mərkəzinin büdcədənkənar Kompüter mərkəzində inzibatçı vəzifəsinə işə qəbul edilmişdi. İşinə məsuliyyətlə yanaşır, bu sahədə bildiklərini uşaq və gənclərə həvəslə öyrədirdi. Çalışqanlığına görə Mədəniyyət Mərkəzinin kollektivi də ona hörmət bəsləyirdi.

Tural hərbi xidmət zamanı artilleriya bölməsində qulluq etmişdi. 2020-ci il sentyabrın əvvəllərində qısamüddətli xüsusi təlimlərə cəlb olunur. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda cəbhəyə yola düşür.

Tural topçu kimi əvvəlcə Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edib. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və bir çox kəndlərimizin mənfur düşməndən azad edilməsində  rəşadət göstərib. Noyabrın 7-də Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Atası Rövşən Hümmətov oğlunun şəhid olması xəbərini mətanətlə qarşılasa da, zəif ürəyi bu itkiyə dözməyib, noyabrın 30-da dünyasını dəyişib.

 

“Parlaq gələcəyi olan bir gənci, müəllimi itirdik”

 

“Torpaq, əgər uğrunda ölən varsa, vətəndir” deyirlər. Əzəli yurd yerlərimizin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğulların hər biri bir qəhrəmanlıq dastanı yaradıb. Vətən müharibəsinin qəhrəmanlarından biri də Toğrul Rüfət oğlu Hacıyevdir.

Əslən Füzulidən olan Toğrulun ailəsi 1993-cü ildən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdı. Togrul 1996-cı il dekabrın 24-də Bakıda anadan olmuşdu. 2016-2019-cu illərdə Azərbaycan Milli Konservatoriyasında tar ixtisası üzrə təhsil almış, sonra magistraturaya qəbul olmuşdu. Mədəniyyət Nazirliyinin keçirdiyi işlə qəbul üzrə imtahanı uğurla verərək Füzuli şəhər 3 saylı Uşaq musiqi məktəbinə tar müəllimi təyin edilmişdi.

Füzulinin və bütövlükdə Qarabağ elinin yağı işğalından azad olunması Toğrulun da arzusu idi. Bu arzu ilə də Vətən müharibəsinə yollandı. Oktyabrın 10-da elə ata-babalarının doğulduğu Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

Vətəni, torpağı uğrunda canını fəda edən Toğrul istedadlı tarzən kimi də beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil etmişdi. İfaçılıq uğurlarına görə fəxri fərman və diplomlara layiq görülmüşdü. Toğrulu müəllimlərinin xatirəsinin işığında yad etdik.

Əməkdar artist, Milli Konservatoriyanın dosenti Səbuhi Cəfərov:

- Toğrul haqqında nə qədər danışsam, yenə az olar. O həm bakalavr, həm də magistr təhsili zamanı tar-not ixtisasında mənim sinfimdə oxuyub. 6 il biz onunla birlikdə yol gəlmişik. Həmişə öyrənməyə səy göstərir, verilən tapşırıqları artıqlaması ilə yerinə yetirirdi. Sənətdə lazım olan həddə gəlib çatmaq üçün bütün bacarığını sərf edirdi. Onun istedadı və öyrənmək qabiliyyəti hədsiz idi. Toğrul ilə yaddaqalan hadisələrdən birini xatırlayıram indi. Çox zaman işlədiyim yeni əsərləri tələbələrimin ifasında lentə alıb “YouTube” kanalında yerləşdirirəm. Düşünürəm ki, sabah hər hansı bir ifaçı əsərin tarda səslənməsi ilə bağlı məlumat almaq istəsə, asan olsun. Bir əsəri də Toğrula vermişdim. Çox zaman yeni işlərimlə bağlı tələbələrimlə də məsləhətləşirəm. Bir gənc olaraq onların da fikri mənim üçün maraqlı olur. Həmin bu əsərlə bağlı Toğrulun fikri də müsbət idi. Yeni əsəri onun ifasında yazmağımı istəyəndə bir az tərəddüd etdi. Utancaq və təvazökar idi. Əsəri tam şəkildə ifa etmişdi. Bir müddət sonra onu razı salıb ifasını lentə aldıq. Əsər dərsliyə salınanda məlumat da yerləşdirdik ki, bu əsər ilk dəfə Toğrul Hacıyevin ifasında lentə alınıb. İndi yadıma düşəndə deyirəm ki, nə yaxşı mən o vaxt onu razı salıb bu ifasını lentə ala bildim. O həmişə xatirələrdə yaşayacaq.

Əməkdar artist, konservatoriyanın dosenti Elçin Haşımov:

- Toğrulun atası Qarabağ qazisi idi. Övladlarına gözəl tərbiyə vermişdilər. Toğrul vətənpərvər böyümüşdü. Onun şəhidlik zirvəsinə ucalması buna sübutdur. Milli Konservatoriyanın nümunəvi tələbəsi, ifaçı kimi yaddaşlarda yaşayacaq. Konservatoriyanın tələbələrinin ən yaxşı 10-luq siyahısı hazırlansaydı, siyahıda Toğrul da öndə olardı. Təhsilə diqqət edirdi, magistraturada oxumaq üçün çox zəhmətlə hazırlaşdı və qəbul olundu. Əfsus ki, diplomunu almaq qismət olmadı. Qardaşı Ülvi Əməkdar artist Elnur Əhmədovun tələbəsidir. Kamançadan dərs alır. Diplomunu Ülvi aldı Toğrulun əvəzinə. Bəzən mühüm dövlət tədbirləri olanda, çəkilişlərim olanda sinfimi Toğrula həvalə edib gedərdim. Müəllimliyi də bacarırdı. Füzuli rayonu 3 nömrəli Uşaq musiqi məktəbində müəllim təyin olunmuşdu. Böyük planları var idi. Bəzən qardaşı ilə birlikdə onları konsertlərə də yollayırdıq. Dövlət imtahanında parlaq çıxışı olmuşdu. Bu çıxışına görə kollektivdən çoxlu müsbət fikirlər deyilmişdi mənə. Sənətini həddən artıq sevirdi...

Çox heyf ki, biz gələcəyi parlaq olan bir gənci, müəllimi itirdik. Dəfnində iştirak etdik. Bir təsəllimiz var ki, Toğrul kimi gənclərin uğrunda şəhid olduqları torpaqlarımız işğaldan azad edilib. Biz qələbə qazandıq və Toğrul kimi gənclərin qanı yerdə qalmadı. Şəhidlərimiz ölmür, əbədi yaşayır. Konservatoriyanın rəhbərliyi sağ olsun, burada Toğrulla bağlı guşə yaradıblar. Hər kəs onu yad edir. Onun adı əbədi olaraq yaddaşlarda yaşayacaq.

***

Toğrulun anası, tarix müəllimi İlhamə xanım torpaqlarımızın işğaldan azad edilməsində oğlunun da rolu olmasından qürur duyduğunu bildirir. Deyir ki, Toğrulla bərabər bütün şəhid övladlar bizim başımızı uca etdilər. Şəhidlərimizin hamısı elə mənim balalarımdır. Füzulidən köçkün düşən ailənin torpaq dərdi illərdir ürəyində qubar olduğu üçün Toğrul da müharibəyə könüllü getmişdi. Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş atası da onu Vətən sevgisi ilə böyütmüşdü.

***

Azərbaycan xalqı yenilməz, mübariz olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti ilə bir daha də təsdiqlədi. Vətən torpağının azadlığı uğrunda özünü fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onlar öz qanlarıyla Azərbaycanın yeni, şanlı tarixini yazdılar. Aylar, illər ötsə belə bu zəfər tarixinin müəllifləri unudulmayacaq və daima qəlblərdə yaşayacaq. Növbəti sayımızda Vətən müharibəsinin qəhrəman mədəniyyət işçilərini oxuculara tanıtmağa davam edəcəyik...

NURƏDDİN
LALƏ