Paytaxt məktəbləri arasında “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin birinci (məktəbdaxili) mərhələsi başa çatıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, müsabiqə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında onlayn qaydada keçirilib.
Bu mərhələdə hər məktəbdən ən yüksək nəticə əldə etmiş bir nəfər II mərhələyə təqdim olunub. İkinci mərhələ Bakı şəhərinin rayonları üzrə dekabrın 22-dək təşkil olunacaq. Hər rayon üzrə ilk 3 yerin sahibi dekabrın 23-30-da keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaq.
Onlayn müsabiqənin əsas mövzuları Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, İkinci Qarabağ müharibəsi, işğaldan azad olunmuş bölgələrin tarixi, mədəniyyəti, coğrafiyası, tarixi abidələri, şəxsiyyətləri və Azərbaycanla bağlı ümumi dünyagörüşüdür.
Müsabiqənin final mərhələsində 9 mükafatçı (2 nəfər I yer, 2 nəfər II yer, 2 nəfər III yer, 3 nəfər həvəsləndirici yer) müəyyənləşdiriləcək.