Vətən və millət yolunda canından keçənlərin fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhidlik. Lakin bu ali mərtəbəyə çatmaq hər kəsə qismət olmur. Vətən müharibəsinin şəhidləri sərhədlərimizi bütövləşdirərək, qəhrəmanlıq salnaməsi yazaraq xalqımıza şanlı Qələbə yaşatdılar. Onların hər biri Vətən səmasının əbədi parlaq günəşinə çevrildi.

Xəbər verdiyimiz kimi, Vətən müharibəsində 65 nəfər mədəniyyət işçisi də iştirak edib. Onlardan 6 nəfər şəhidlik zirvəsinə ucalıb. Qeyd edək ki, dövlət başçısının 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilən hərbi qulluqçuların sırasında bu şəhidlərimizin də adı var.

Qəzetimizin ötən sayında (16.12.2020) onlardan üçü haqqında söz açmışdıq. Bu yazıda Vətənin və torpaq uğrunda özünü fəda edən daha üç igid oğulun ömür yoluna nəzər salacağıq.

 

Doğulduğu yurdunazadlığı uğrunda

 

Zamin Vahid oğlu Rəhimov 1988-ci ilin 21 aprelində Cəbrayıl rayonunun Məzrə kəndində dünyaya göz açıb. Mənfur ermənilər Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edəndə Zaminin altı yaşı vardı. 1993-cü ildə Cəbrayıl yağı əlinə keçəndə ailəsi doğma yurd-yuvasından didərgin düşür.

1995-ci ildə Biləsuvar rayonunda yerləşən 2 saylı məcburi köçkün qəsəbəsində 1-ci sinfə qədəm qoyan Zamin daha sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçərək orta təhsilini Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Ə.Veysəlov adına Cəbrayıl rayon Sirik kənd tam orta məktəbində davam etdirir. 2006-cı ildə orta məktəbi bitirəndən sonra Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmət keçir.

Kiçik yaşlarından musiqiyə həvəs göstərən Zamin hərbi xidmətdən qayıtdıqdan sonra Şuşa Musiqi Texnikumuna daxil olur. Qarmon ixtisası üzrə təhsil alır. 2012-ci ildə Bakı şəhərində müvəqqəti yerləşən Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbində qarmon müəllimi kimi fəaliyyətə başlayır. Məktəbdə çalışdığı müddətdə uşaqlarla qurduğu səmimi ünsiyyət sayəsində onların sevimli müəlliminə çevrilir.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda bir çox igid oğullarımız kimi Zamin Rəhimov da ön cəbhəyə yollanır. Doğma ocaqlarından köçkün düşmələri balaca Zaminin yaddaşına əbədi olaraq yazılmışdı. Onun ən böyük arzusu bütün işğal altındakı torpaqlarımızın, o cümlədən doğma yurdu Cəbrayılın düşməndən azad olunması idi. Bu istəklə döyüşlərdə böyük şücaət göstərir, əzmlə vuruşur. Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edilir. Oktyabrın 8-də Zamin Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır.

Zamin Rəhimov şəhid olsa da, digər döyüş yoldaşları onun müqəddəs arzularını ləyaqətlə, qəhrəmanlıqla yerinə yetirdilər. Cəbrayıldan sonra Füzuli, Zəngilan, Qubadlı, Şuşa, həmçinin Kəlbəcər, Ağdam, Laçın işğaldan azad olundu.

Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunan qəhrəman şəhidin ruhu şaddır. Çünki tək yadigarı olan iki yaşlı qızı atasının uğrunda canını fəda etdiyi doğma yurdunda böyüyəcək.

 

Qarmon müəllimi

 

Şəhid Alim Səhrab oğlu İbrahimov da qarmon müəllimi idi. 1993-cü ilin 26 dekabrında Ucar rayonunun Qazıqumlaq kəndində anadan olan Alimin ailəsi Mingəçevir şəhərinə köçmüşdü. O, ilk təhsilini Mingəçevir şəhər 4 saylı orta məktəbində alır. Musiqiyə olan həvəsi hələ uşaq yaşlarında üzə çıxmışdı. Bu istəklə 2004-2010-cu illərdə Bülbül adına Mingəçevir şəhər 2 saylı Musiqi məktəbində qarmon ixtisası üzrə oxumuşdu. Alim musiqi məktəbini bitirdikdən sonra Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecinə daxil olur. 2014-cü ildə həmin məktəbi qarmon müəllimi ixtisası üzrə bitirir. 2017-2020-ci illərdə Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbində qarmon ixtisası üzrə müəllim işləmişdi. Dərs dediyi 3 il ərzində öz bilik və bacarıqlarını şagirdlərinə çatdırmağa nail olmuşdu.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Alim də bir çox Vətən oğulları kimi cəbhəyə yollanır. Göyçay şəhər Uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov deyir ki, cəbhəyə gedəndən sonra bir müddət Alim İbrahimovdan xəbər ala bilmədik: “Noyabrın 1-də şəhid olması xəbərini eşitdik. Döyüş yoldaşlarından öyrəndik ki, Alim Tərtərin Suqovuşan kəndi istiqamətindəki döyüşlərdə rəşadət göstərərək şəhidlik zirvəsinə ucalıb”.

Direktor Alimin məktəbdə işə başladığı günü yaxşı xatırlayır: “Çox səmimi insan idi. Əslən Ucar rayonundan olmasına baxmayaraq, Göyçayı sevdiyini və burada ailə həyatı qurub yaşayacağını deyərdi”.

Alim İbrahimov noyabrın 2-də Mingəçevir şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Aprel döyüşlərindəiştirak etmişdi

 

Gənc yaşında adını qəhrəmanlıq salnaməsinə yazdıran igid oğullarımızdan biri də Hikmət Lətif oğlu Məmmədovdur. O, 1993-cü il noyabrın 19-da Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulub. Orta təhsilini Gəncə şəhərində yerləşən Kəlbəcər rayon 98 nömrəli tam orta məktəbində alıb. 2011-ci ildə Gəncə Dövlət Universitetinin Mühasibat uçotu fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmət dövründə 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Hikmət Məmmədov əmək fəaliyyətinə Gəncədəki Nizami məqbərə kompleksində (Gəncə şəhər Nizami Gəncəvi Muzeyi) başlamışdı. Burada əvvəlcə mühasib, sonra ekskursiyaçı  işləyib. İşinə olan həvəsi və məsuliyyəti, peşəkarlığı sayəsində kollektivin rəğbətini qazanıb.

Sentyabr ayında Müdafiə Nazirliyi tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin hərbi toplanışlara cəlb olunması zamanı Hikmət də hərbi təlimlərə çağırılır. Vətən müharibəsi başlayanda o, ordu sıralarında idi və ilk gündən torpaqlarımızın azad olunması uğrunda ölüm-dirim savaşına qatılır. Hikmət Məmmədov oktyabrın 2-də Murovdağ istiqamətində döyüşlərdə böyük şücaət göstərərək şəhadətə yetir.

Qəhrəman şəhid oktyabrın 4-də Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

Deyirlər, tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə müqəddəs günlər var ki, onlar heç vaxt unudulmur. Vətən müharibəsinin 44 günü kimi. Bu 44 gündə Azərbaycanın yeni, şanlı tarixini yazan qəhrəmanlar da heç vaxt unudulmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Nurəddin MƏMMƏDLİ