Vətən müharibəsi şəhidlərindən biri də baş leytenant Arif Abbaslıdır. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş leytenantı Abbaslı Arif Firuz oğlu 15 dekabr 1993-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qıvraq qəsəbəsində dünyaya gəlib.

Hərbi qulluq dövründə peşəkarlığı, cəsurluğu ilə seçilib. Türkiyədə paraşütçülük, dağa dırmanma, üzgüçülük təlimlərində iştirak etmişdi. Vətən müharibəsinin ilk günlərindən cəsurluğunu döyüş meydanında da təsdiq edib.

Döyüş yoldaşları da təsdiqləyir ki, Arif Hadruta ilk ayaq basan hərbçilərimizdən olub, erməni ilə üz-üzə gəlib, onları məhv etdikdən sonra yoldaşlarını da ardınca aparıb.

Oktyabrın 12-də Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vəsiyyət etdiyi kimi 2-ci Fəxri xiyabanda general Polad Həşimovun dəfn olduğu sırada torpağa tapşırılıb.

Vətənə əmanət qoyduğu 1 yaş 2 aylıq Ləman adlı qızı var. Son sözləri isə “qızımı 3-4 ay da olsa, görə bilmədim” olub.

Vətən torpaqlarının hər qarışının işğaldan azad olunmasına görə Arif Abbaslı kimi oğullara borcluyuq.

Allah rəhmət eləsin.