27 sentyabr 2020-ci il. Bu tarix xalqımızın, XXI əsr hərb salnaməmizin, böyük tarixi keçmişə malik olan müasir Azərbaycanımızın şanlı zəfər səhifəsinin başlanğıcıdır. Öz çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribata və fitnəkarlığa əl atan, işğalçılıq, təcavüzkarlıq siyasəti yeridən, havadarlarının əli ilə Azərbaycanın əzəli torpaqlarında Ermənistan Respublikasının yaradılmasına nail olan ermənilər məhz bu tarixdə növbəti dəfə işğalçı niyyətlərini həyata keçirməyə çalışdılar.

Amma alınmadı! Azərbaycan dövləti, Azərbaycanın müzəffər Ordusu düşmənə sarsıdıcı zərbəsini vurdu.

İllərlə ürəyi Qarabağa qovuşmaq eşqi ilə alışan, Ana torpağı düşmən tapdağından azad etmək arzusu ilə yaşayan Azərbaycan Ordusu düşmənin hücumuna qarşı Vətən müharibəsinə başladı.

Azərbaycanın keşiyində duran mərd, igid hərbçilərimiz canları bahasına işğal olunmuş ərazilərimizi son qarışına qədər azad etmək əzmi ilə 44 gün davam edən qanlı döyüşlərdə tarixi torpaqlarımızı işğaldan azad etdilər. Şuşanın geri alınması Azərbaycan üçün böyük tarixi qələbədir. “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” olan Şuşa erməni qəsbkarlarından xilas edilərək, üzərində qədimdən məskən salmış öz tarixi əcdadına – Azərbaycan xalqına qovuşdu.

Qarabağ torpağı eyni zamanda əcdadlarımızdan bizə qalan mədəni, tarixi mirasdır. Sarı Aşıq, Pənahəli xan, Molla Pənah Vaqif, İbrahimxəlil xan Cavanşir, Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Səməd bəy Mehmandarov, Əhməd bəy Ağaoğlu, Cabbar Qaryağdıoğlu, Həmidə xanım Cavanşir, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Niyazi, Lətif Kərimov kimi minlərlə Qarabağın yetirmələrinin simasında Azərbaycan tarixi və mədəniyyəti daha da zənginləşmişdir. Milli Ordumuzun məğrur döyüşçüləri tərəfindən işğal altında qalmış ana torpaqlarımızla yanaşı, dünya xəzinəsini öz inci əsərləri ilə bəzəyən Qarabağ dühalarının ruhları 30 ilə yaxın sürən məhbəslikdən azad edilmişdir.

44 gün sürən Vətən müharibəsi ilə Azərbaycan, həmçinin 27 ildir kağız üzərində qalan BMT qətnamələrinin icrasını təmin etdi. İndi sevinc hissi ilə “daha biz qaçqın deyilik” deyən soydaşlarımız işğaldan azad olmuş torpaqlarımıza, öz ana diyarlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər.

Tarixi arxiv sənədlərinə əsasən İrandan Şimali Azərbaycana və həmçinin Qarabağa 1825 və 1826-cı illərdə 18 min, 1828-ci ildən sonra 50 min, Osmanlı imperiyasından isə 84 min erməni köçürülüb. Bu səbəbdən də Qarabağın etnik tərkibində ermənilərin sayını artırmaqla, çar I Nikolay dövründən başlayaraq, İrəvan və Naxçıvan xanlığı torpaqlarında erməni bölgəsi qurulur.

Son iki əsrdə Azərbaycanın itirilmiş ərazilərinə nəzər saldıqda, “Türkmənçay” müqaviləsi (1828) ilə Azərbaycan torpaqlarının iki hissəyə bölünməsi, Dərbəndin Azərbaycanın tərkibindən çıxarılıb Dağıstana birləşdirilməsi (1840-1860), Qarayazı və Borçalı mahallarının Gürcüstana qatılması (1840), İrəvan (1918) və Zəngəzurun (1920) ermənilərə verilməsi, ən nəhayət, Dağlıq Qarabağ və ətraf ərazilərin ermənilər tərəfindən işğal edilməsinə rəvac verilməsi ilə Azərbaycanın ən çətin tarixi sınaqlar qarşısında qaldığı bir dövrün şahidi oluruq. 

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min kvadrat kilometr idi. 1920-ci ildə Cümhuriyyətin bolşevik Rusiyası tərəfindən süquta uğradılmasından sonra Azərbaycanın qədim Zəngəzur, Göyçə, Dilican, Şərur-Dərəyələz əraziləri Ermənistana verildi.

1920-ci ilin dekabrında Türkiyə ilə Ermənistan arasında imzalanmış “Gümrü” (Aleksandropol) sülh müqaviləsində İrəvan və Göyçə gölü istisna olmaqla Ermənistan ərazisi təxminən 10 min kvadrat kilometr müəyyən edilmişdi. Sovetlər dönəmində də, bugünkü  gündə isə rus havadarlarının hesabına Azərbaycanın əzəli torpaqlarını qəsb edən Ermənistanın ümumi ərazi sahəsi 29 min kvadrat kilometrə çatdırıldı. Azərbaycanın tarixi torpaqları hesabına.

Torpaq, uğrunda ölən varsa, Vətəndir! Bu gün bizlərin qarşısında duran ümdə vəzifə, əcdadlarımızdan bizə miras qalan Azərbaycanımızın bir qarışını belə əskik olmadan yetişməkdə olan gələcək nəsillərə ötürməkdir. Çünki yetərincə qədər itirə-itirə gəlmişik.

44 gün ərzində Azərbaycan əsgəri cəbhədə öz qanı ilə bir tarix yazdı. Azərbaycan xalqı bu günü 30 il idi səbirsizliklə gözləyirdi. Rəşadətli Ordumuzun əzmi sayəsində xalqımız bir daha heç bir bölgəmizin işğal gününün ildönümünü xatırlamayacaq və bundan sonra Azərbaycanın üçrəngli bayrağı mənfur düşmənə gözdağı olacaq qədər yüksəklərdə dalğalanacaqdır! Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu döyüş meydanında sübut etdi ki, Qarabağ Azərbaycandır!

Vətən müharibəsi günlərində hər vətəndaşımız, müəssisə və təşkilatlarımız bacarıq və imkanlarını ortaya qoyaraq, Ordumuza dəstək olmağı özlərinə mənəvi borc bildi. Bakı Xoreoqrafiya Akademiyası (BXA) da bu işdə fəal iştirak etmişdir. BXA-nın rektoru, professor Timuçin Əfəndiyevin rəhbərliyi altında akademiyanın kollektivi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna maddi vəsait  köçürülmüş, Bayraq Gününə həsr olunmuş “Bir millət, iki dövlət” yaradıcılıq layihəsi, “Qarabağ Azərbaycandır!” layihəsi çərçivəsində Laçın rayonunun işğaldan azad olunması münasibətilə “Laçın” xoreoqrafik kompozisiyası, şəhidlərin xatirəsinə həsr olunmuş ballada və “Qalib əsgər” balet kompozisiyası ictimaiyyətə təqdim edilmişdir. BXA-nın yaradıcı heyəti görkəmli bəstəkar Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” musiqisi əsasında hazırlanan “Zəfər” xoreoqrafik kompozisiyasını akademiyanın ali və orta ixtisas pillələri tələbələrinin ifasında əsgər və zabitlərimizə töhfə etmişlər.

28 il bundan əvvəl min bir işgəncələrlə öldürülən, yandırılan soydaşlarımızın ruhu naminə düşmən ordusunu darmadağın etdiklərinə, Vətən həsrətimizə son qoyduqlarına,  qalibiyyət hissini bizə yaşatdıqlarına və dünya ictimaiyyətinin qarşısına alnıaçıq çıxmağımıza zəmin yaratdıqlarına görə biz bu gün canlarını Vətən yolunda fəda etmiş şəhid və qazilərimizə sonsuz dərəcədə minnətdarıq. Ana əməyinin haqqının ödənilməsi mümkün olmadığı kimi, şəhid və qazilərimizin də haqqı hər zaman bizim çiynimizdədir!

Allah cəmi şəhidlərimizə rəhmət, yaralı əsgər və zabitlərimizə şəfa versin.

Vəfa GÖVHƏR
Bakı Xoreoqrafiya Akademiyasının mətbuat katibi