Azərbaycan

19 dekabr 1921 – Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatı laureatı Mikayıl Hüseyn oğlu Abdullayev (1921 – 21.8.2002) Bakıda anadan olub. “Çəltikçi qızlar”, “İmadəddin Nəsimi” və s. məşhur əsərlərin, “Dədə Qorqud” dastanı, M.Füzulinin “Leyli və Məcnun” poemasının nəşrlərinə illüstrasiyaların, “Nizami” metro stansiyasının bədii tərtibatının müəllifidir. “Hindistan” silsiləsinə görə Cəvahirləl Nehru mükafatına layiq görülüb.

19 dekabr 1947 – Əməkdar incəsənət xadimi, rejissor, dramaturq Rəhman Balarza oğlu Əlizadə (1947 – 16.3.2013) Bakıda doğulub. Gənclər Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor işləyib. 20-dən çox pyesin müəllifidir.

19 dekabr 1950 – Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (1950 – 17.11.2006) anadan olub. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

20 dekabr 1905 – Ədəbiyyatşünas Atababa Daşdəmir oğlu Musaxanlı (1905 – 14.8.1941) Bakıda doğulub. “Kitabi-Dədə Qorqud”un ilk tədqiqatçılarından biridir. Repressiya qurbanı olub.

20 dekabr 1920 – Bakıda Xalq Maarif Komissarlığının qərarı ilə yaradılan rus teatr truppasının – Azad Tənqid və Təbliğ Teatrının (“Satir-Aqit Teatrı”) açılışı keçirilib. 1923-cü ildə teatr yenidən təşkil edilərək Bakı İşçi Teatrı, 1937-ci ildə Dövlət Rus Dram Teatrı adlandırılıb. 1956-cı ildən Səməd Vurğunun adını daşıyır. 2019-cu ildə teatra “Akademik” statusu verilib.

20 dekabr 1925 – İlk azərbaycanlı qadın – fəlsəfə elmləri doktoru, professor Şükufə Şamil qızı Mirzəyeva (1925 – 9.10.1980) Ağdam rayonunun Gülablı kəndində doğulub. Estetika tarixi və nəzəriyyəsinə dair tədqiqatların müəllifidir.

20 dekabr 1939 – Teatrşünas, sənətşünaslıq namizədi Məmmədşah Qədim oğlu Atayev (1939-2011) anadan olub. Akademik Milli Dram Teatrında truppa müdiri işləyib.

20 dekabr 1963 – Əməkdar incəsənət xadimi, musiqişünas Şirin Arif qızı Məlikova Bakıda anadan olub.

20 dekabr 2014 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə (21.2.1921 – 2014) vəfat edib. “Natəvanın portreti”, “Hüseyn Cavidin aləmi” triptixi və s. tabloların müəllifidir.

 

21 dekabr 1913 – Tanınmış şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov, 1913 – 2.7.1982) Gəncədə doğulub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Rus dilindən ədəbi tərcümələr edib.

21 dekabr 1916 – Yazıçı, Əməkdar incəsənət xadimi Süleyman Vəli oğlu Vəliyev (1916 – 7.3.1996) Bakının Ramana kəndində doğulub. “Mübahisəli şəhər”, “Düyünlər” romanlarının müəllifidir. “Şor cüllütü” povesti əsasında “Qara gölün cəngavərləri” filmi çəkilib.

21 dekabr 1922 – Ədəbiyyatşünas, yazıçı, Əməkdar elm xadimi Kamran Dadaş oğlu Məmmədov (1922 – 6.4.1989) anadan olub.

21 dekabr 1923 – Xalq artisti, tanınmış müğənni Tükəzban Məhərrəm qızı İsmayılova (1923 – 24.3.2008) anadan olub. İfaçılıqla yanaşı, pedaqoji fəaliyyət göstərib.

21 dekabr 1923 – Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadov (1923 – 21.2.1997) Astarada anadan olub. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Akademiyanın vitse-prezidenti (1990-1997), Milli Məclisin deputatı (1995-1997) olub.

21 dekabr 1929 – Mədəniyyət və elm xadimi, fəlsəfə elmləri namizədi Zakir Nəriman oğlu Bağırov (1929 – 31.3.1989) Şuşada anadan olub. 1971-1988-ci illərdə respublikanın mədəniyyət naziri işləyib. Azərbaycan Ali Sovetinin deputatı olub.

21 dekabr 1952 – Tanınmış rəssam, şair, tərcüməçi Adil Mirseyid (Adil Mirseyid oğlu Baxışov; 1952-2014) anadan olub.

 

22 dekabr 1898 – Əməkdar incəsənət xadimi, rejissor, aktyor Ağarza Səməndər oğlu Quliyev (1898 – 15.9.1976) Lənkəranda doğulub. “Qara daşlar”, “Səhər”, “Ulduz” filmlərinə quruluş verib, filmlərdə çəkilib.

22 dekabr 1906 – Xalq artisti, xanəndə Əlövsət Şirəli oğlu Sadıqov (1906-1971) anadan olub. 1930-cu ildən Dövlət Opera və Balet Teatrında çalışıb.

22 dekabr 1911 – Tanınmış jurnalist, pedaqoq Nəsir Əsədulla oğlu İmanquliyev (1911-1998) Bakıda doğulub. “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və 30 ilə yaxın baş redaktoru, BDU-nun Jurnalistika fakültəsinin professoru olub.

22 dekabr 1920 – Yazıçı, ssenarist, rejissor, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəyli (1920 – 25.6.1980) Bakıda doğulub. “Uzaq sahillərdə” (İ.Qasımovla birgə), “Cəbhədən cəbhəyə” romanlarının, pyeslərin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” filmlərinə quruluş verib. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olub.

22 dekabr 1937 – Tarixçi, etnoqraf, AMEA-nın müxbir üzvü Arif Akim oğlu Abbasov (1937 – 21.4.2005) Naxçıvanda doğulub.

22 dekabr 1939 – Əməkdar elm xadimi, filologiya elmləri doktoru Rauf Əbdüləli oğlu İsmayılov (1939–2019) Bakıda doğulub. Milli Məclisin Təhsil, elm, din və mədəniyyət məsələləri daimi komissiyasının sədri olub.

 

Dünya

 

19 dekabr 1864 – Alman bəstəkarı Adolf Zanberger (Adolf Sandberger; 1864-1943) anadan olub.

19 dekabr 1915 – Fransız müğənnisi və aktrisası Edit Piaf (Edith Piaf – Edith Giovanna Gassion; 1915 – 10.10.1963) anadan olub.

 

20 dekabr 1873 – Türk şairi Mehmet Akif Ersoy (1873 – 27.12.1936) İstanbulda doğulub. Türkiyə Cümhuriyyətinin Dövlət himninin (“İstiqlal marşı”), “Çanaqqala şəhidlərinə” poetik dastanı, “Haqqın səsləri” şeirlər toplusu və s. əsərlərin müəllifidir.

20 dekabr 1915 – Türk yazıçısı Əziz Nesin (Mehmet Nusret Nesin; 1915 – 6.7.1995) anadan olub. Kitabları bir çox xarici dillərə çevrilib, o cümlədən hələ sovet dövründə Azərbaycanda (“Futbol kralı”, “Taxtalıköydən məktublar” və s.) çap olunub.

 

21 dekabr 1639 – Fransız dramaturqu Jan Rasin (Jean-Baptiste Racine; 1639 –21.4.1699) anadan olub. “İfigeniya”, “Fedra” kimi dramları dünyanın bir çox teatrlarında səhnəyə qoyulub.

21 dekabr 1840 – Türk şairi və yazıçısı, teatr xadimi Namiq Kamal (1840 – 2.12.1888) anadan olub. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah”, “Vətən, yaxud Silistre” və s.

21 dekabr 1917 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1972) laureatı Henrix Böll (Heinrich Theodor Böll; 1917 – 16.7.1985) anadan olub. Əsərləri: “Saat onun yarısında bilyard”, “Klounun gözü ilə”, “Mələk susurdu”, “Əsgər mirası” və s.

 

22 dekabr 1858 – İtalyan bəstəkarı Cakomo Puççini (Giacomo Puccini; 1858 – 29.11.1924) anadan olub. “Bohema”, “Toska”, “Madam Batterflyay” operalarının müəllifidir.

22 dekabr 1937 – Rus yazıçısı Eduard Uspenski (1937-2018) anadan olub. Uşaqlar üçün populyar əsərlərin (“Timsah Gena və dostları”, “Fyodor dayı, it və pişik”) müəllifidir.

Hazırladı:  Vüqar ORXAN