Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun əmri ilə Əməkdar artist Ramil Qasımov Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin olunub.
Ramil Adıgözəl oğlu Qasımov 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr (opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası), Gürcüstan Musiqi Akademiyasında magistr (vokal ixtisası) təhsili alıb. Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə ixtisası üzrə bitirib.
Peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aparıcı solist kimi başlayıb. 2004-cü ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində çalışıb. 2011-ci ildən Azərbaycan Televiziyası musiqi kollektivlərinin bədii rəhbəri, 2012-ci ildən Səsyazma evinin direktoru vəzifəsində işləyib. 2015-ci ildə Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru təyin edilib. “Mədəniyyət” kanalının təşkilatçılığı ilə keçirilən müxtəlif layihələrin, “Məhsəti” operasının və Milli Qəhrəman Mübariz İbrahimov haqqında “Mübariz” musiqili tamaşasının ideya müəllifi olub.
2015-ci ildə respublikanın Əməkdar artisti fəxri adına, 2016 və 2017-ci illərdə Prezident mükafatlarına layiq görülüb.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimidir.