Erməni silahlı qüvvələrinin bu il oktyabrın 28-də Bərdə şəhərində dinc insanlara qarşı raket zərbəsi zamanı çəkilmiş fotolardan biri Böyük Britaniyanın “Time” jurnalının 2020-ci il üzrə “İlin 100 fotosu”na daxil edilib.

“Time” tərəfindən təqdim olunan 2020-ci ilin 100 fotosu arasında Ermənistan hərbi qüvvələrinin Bərdəyə atdığı kasetli bomba nəticəsində həlak olan Fuad İsmayılovun və onun bacısının yer aldığı foto da var.

Fotonun müəllifi “The New York Times”in fotoqrafı İvor Prickettdir. Foto həmin vaxt bir sıra xarici media səhifələrində yayılmışdı.

Xatırladaq ki, oktyabrın 28-də düşmən Bərdə şəhərinə beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli raketlərlə atəş açaraq alçaq cinayət həyata keçirmişdi. Baş Prokurorluğun məlumatına görə, oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi ərazisinə “Smerç” tipli əməliyyat-taktiki təyinatlı, böyük dağıdıcı qüvvəyə malik raket zərbələrinin endirilməsi nəticəsində 4-ü qadın olmaqla, 20 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.