Xalq Bank “Xalq Əmanəti” layihəsi çərçivəsində sayca iyirminci nəşrini təqdim edib. Layihənin yeni nəşri müasir Azərbaycan poeziyasının klassiki, Xalq şairi Zəlimxan Yaqubun yaradılıcılığına həsr olunub. “Zəlimxan Yaqub. Seçilmiş əsərləri” toplusunda şairin poetik irsi, onun yaradıcılığının müxtəlif mərhələləri əks olunub.
Toplu haqqında təqdimatda qeyd olunur ki, gücünü torpaqdan, el-obadan alan Zəlimxan Yaqub xalqımızın folklor təfəkkürünü, yazılı ədəbiyyatın əsas ideyalarını, dilimizin zəngin bədii imkanlarını dərindən mənimsəyərək həyatını vətənimizin, milli-mənəvi dəyərlərimizin tərənnümünə həsr etmiş mütəfəkkir şairdir. O, Azərbaycanı bölgə-bölgə, oba-oba, oymaq-oymaq gəzir, mənsub olduğu xalqı sevərək öyrənir və özü dediyi kimi, “xalqla nəfəs-nəfəsə dayanır, ünsiyyətə girir, dərdlinin həmdərdi, söhbətcilin həmsöhbəti olur”. Onun yaradıcılığını müasir ədəbi-ictimai mühit şifahi xalq ədəbiyyatı hadisəsi kimi qəbul edir. Şairin öz dərin inamına görə, onun şeiri dövrün, zamanın tələblərinə cavab verir və milli ictimai şüura əhəmiyyətli təsir göstərmək, hissləri, duyğuları coşdurmaq gücündədir.
Ümummilli lideri Heydər Əliyev 50 illik yubileyi münasibətilə şairə ünvanladığı məktubda yazırdı: “Siz müasir ədəbiyyatımızda zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlarımızdansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız”.
Zəlimxan Yaqub 1950-ci ildə Borçalı mahalının Kəpənəkçi kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. İlk şeiri 1966-cı ildə Gürcüstanın “Qələbə bayrağı” qəzetində dərc edilib.
O, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, 1995-2005-ci illər Azərbaycan Respublikasının Milli Məclisinin birinci və ikinci çağırış deputat seçilib. 2008-ci ildən ömrünün sonunadək Azərbaycan Aşıqlar Birliyinin sədri olub. İctimai-siyasi fəaliyyətinə görə müxtəlif illərdə Azərbaycan Respublikasının “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri ilə təltif edilib, 2005-ci ildə "Azərbaycanın Xalq şairi" fəxri adına layiq görülüb.
Zəlimxan Yaqub vətənpərvər şairdir – onun üçün vətən yalnız təbiət və ya coğrafiya deyil, eyni zamanda, təbiətin və coğrafiyanın yetirdiyi milli-mənəvi ruhdur ki, şair bu ruhun həmişə canlı, mübariz və güclü olmasını arzu edir. Xüsusilə vətənin, millətin başının üstünü təhlükələr alanda.
Zəlimxan Yaqub bütöv türk dünyasının şairidir – o, mənsub olduğu türk etnosunun tarixini, mədəniyyətini nəinki yaxşı bilən, eyni zamanda, bu tarixi, mədəniyyəti (və mentaliteti!) özünün yaradıcı varlığında təcəssüm etdirən bir sənətkar, düşüncə adamıdır.
Zəlimxan Yaqub şair-ideoloqdur - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında ilk dəyərli əsərləri yaradan sənətkardır. “Böyük ömrün dastanı”nda Heydər Əliyevin xilaskarlıq, milli dövlət və millət quruculuğu missiyası yüksək sənətkarlıqla tərənnüm olunur.
Zəlimxan Yaqub ana dilinin şairidir - onun zəngin söz ehtiyatı, mükəmməl poetik sintaksisi, folklor gücündəki bədii təyinləri, təşbehləri, mübaliğələri, təravətli intonasiyası yüksək sənətin tələblərinə cavab verir.
Qeyd edək ki, “Xalq Əmanəti” layihəsi “Xalq Bank” tərəfindən 2010-cu ildən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə, xarici ölkə kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.
Ötən dövrdə Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, Tağı Tağıyev, eləcə də Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.