Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Səfurə İbrahimova dekabrın 21-də 81 yaşında vəfat edib.
Səfurə Ağabala qızı İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda dünyaya göz açıb. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda təhsil alarkən Akademik Dram Teatrında İslam Səfərlinin “Ana ürəyi” dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra səhnədə daha bir neçə obraz yaradan tələbə-aktrisa 1961-ci ilin noyabrında teatrın truppasına daxil olub və 2005-ci ilə qədər bu teatrda çalışıb.
Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı Jasmin (“Knyaz”, H.Cavid), Gülnar, Tamara (“Vaqif”, S.Vurğun), Zəhrabəyim, Nazlı (“Anamın kitabı”, “Ölülər”, C.Məmmədquluzadə), Ofeliya (“Hamlet”, V.Şekspir), Saşa (“Canlı meyit”, L.Tolstoy), Sevil (“Sevil”, C.Cabbarlı), Roza, İnci, Qumral, Kamilə (“Küləklər”, “Xoşbəxtlər”, “Əliqulu evlənir”, “Toy”, S.Rəhman), Daduno (“Darıxma, ana”, N.Dumbadze), Fernando (“Dəlilər”, Lope de Veqa), Balaxanım (“Adamın adamı”, Anar) və digər obrazlar özünəməxsus ifa manerası ilə seçilib, səhnə sənətimizi zənginləşdirib.
Aktrisa səhnədəki uğurlarını kinoda da davam etdirib. O, “Arşın mal alan” (1965), “Alma almaya bənzər”, “Sevil”, “Tütək səsi”, “Qatır Məmməd”, “Dərviş Parisi partladır”, “Bizim Cəbiş müəllim”, “Qayınana”, “O qızı tapın” və digər bədii filmlərdə yaratdığı yaddaqalan rollarla tamaşaçıların rəğbətini qazanıb.
Səfurə İbrahimova 1967-ci ildə dövlət səviyyəsində qeyd olunan Novruz bayramı şənliyində ilk Bahar qızı kimi paytaxt sakinlərinin qarşısına çıxıb.
Yaradıcılıq uğurları yüksək qiymətləndirilən sənətkar 1984-cü ildə Azərbaycan SSR-in Dövlət mükafatına, 2002-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb. 2003-cü ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Səfurə İbrahimovanın əziz xatirəsi tamaşaçıların, həmkarlarının və doğmalarının qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin.