Fransada “İRS/Heritage” jurnalının növbəti nömrəsi işıq üzü görüb. Baş redaktor Musa Mərcanlının yazdığı ön sözdə Qarabağın tarixi, Qarabağın xanlıqları və xanları, Gülüstan və Türkmənçay sülh müqavilələri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin mənşəyi haqqında məlumat verib. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiasından, bunun nəticəsində yaranmış münaqişədən söz açılıb. Bu münaqişənin Azərbaycan xalqını böyük bəlalara düçar etməsindən, 1990-cı illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayondan, Ermənistandan zorla qovulmuş azərbaycanlılardan bəhs olunub.
Baş redaktor Qarabağın rəşadətli ordumuz tərəfindən azad edildiyini vurğulayaraq, fikrini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə bitirir: “Qarabağ Azərbaycandır! Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışa bilməzdi”.
Jurnalda Fransadakı səfirimiz Rəhman Mustafayevin Azərbaycan və Vatikan əlaqələrindən bəhs edən “Müqəddəs Taxt-Tacla dialoq və əməkdaşlığın inkişafı bizim üçün ikitərəfli, eləcə də beynəlxalq əlaqələr səviyyəsində xüsusi əhəmiyyət daşıyır...” adlı məqaləsi dərc olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana rəsmi səfərlərindən söz açılıb. Müqəddəs Taxt-Tacla münasibətlərimizin inkişafına Heydər Əliyev Fondunun töhfələrindən danışılıb. Mədəniyyət və mədəni irsin qorunması sahəsində Vatikanla əlaqələrimiz haqqında ətraflı məlumat verilib.
UNESCO yanında Daimi Nümayəndəliyimizin müşaviri Ayaz Qocayevin “Azərbaycan-mədəni irsin qoruyucusu” adlı məqaləsində ölkəmizdə mədəni abidələrin qorunması və bu istiqamətdə görülən işlərdən danışılıb. Ermənilərin Qarabağdakı tarixi mədəni irs abidələrimizi viran etməsindən, onları erməniləşdirməyə cəhd göstərmələrindən yazılıb.
Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ötən il UNESCO-nun Mədəni İrs Komitəsinin 43-cü sessiyası zamanı təşkilatın Baş direktorunu ölkəmizdə qəbul etməsindən, eləcə də tarixi, mədəni və dini irsin qorunmasının Azərbaycan dövlətinin prioritet siyasəti olduğu diqqətə çatdırılıb.
Nəşrdə Erməni silahlı qüvvələrinin işğalı altında olan torpaqlarımızda ermənilərin qeyri-qanuni fəaliyyətindən söz açılıb. Ermənistanın işğal altında olan ərazilərdə tarixi mədəni abidələrin mənşəyini dəyişdirməsi, eləcə də bu ərazilərdə qeyri-qanuni arxeoloji qazıntılar aparmasından bəhs edilib.
Jurnalın bu nömrəsində ölkəmizdə müxtəlif dinlərin nümayəndələrini birgə mehriban yaşayışı haqqında məqalələr də yer alıb.