Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib. Müvafiq qanun layihəsi dekabrın 18-də Milli Məclisdə qəbul olunub. Dəyişikliyə əsasən, 8 Noyabr – Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.
Milli Məclis, həmçinin 27 sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edib. Dəyişikliyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü (Azərbaycan Respublikasında Anım Günü) kimi qeyd olunacaq.
Qeyd edək ki, Əmək Məcəlləsinə dəyişikliklər Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli və “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamlarına uyğun olaraq edilib.