“Onun nitqindəki dəqiq fikirləri, Azərbaycan PUA-ları erməni tanklarını vurduğu kimi, birbaşa hədəfə dəyirdi”
Xəbər verildiyi kimi, dekabrın 18-də MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında sammiti keçirilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə təşkil olunmuş sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı MDB ölkələrinin mediasında, xüsusilə Rusiya KİV-lərinin diqqət mərkəzində olub.
Rusiyanın aparıcı nəşrlərindən olan “Kommersant” qəzetinin müxbiri, Kremldə akkreditə olunmuş jurnalistlər qrupuna daxil olan Andrey Kolesnikov Azərbaycan Prezidentinin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışını Qələbə nitqi kimi qiymətləndirib.
Jurnalist yazır ki, Azərbaycan Prezidenti sammitdə ilk çıxışçı idi. Onun, demək olar, bütövlükdə Azərbaycan xalqının düşmənlə mübarizəsinə və düşmən üzərində qəti qələbəsinə həsr olunmuş nitqinin məğzi belə idi: “Biz Ermənistanı məğlub etdiyimiz kimi, koronavirusa da qalib gələcəyik”.
Jurnalist yazır ki, MDB üzrə həmkarları Prezident İlham Əliyevi müəyyən gərginliklə dinləyirdilər. Azərbaycan Prezidenti onlara Ermənistanın işğalçı dövlət olduğunu, danışıqların davam etdiyi 28 il ərzində dünya birliyini aldatdığını, bir santimetr də olsun torpaq qaytarılmayacağı barədə bəyanatları, işğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılmasını, ATƏT-in Minsk qrupunun isə danışıqlar prosesinə, yeni heç bir töhfə verməyə qadir olmadığını xatırladıb. A.Kolesnikov Azərbaycan liderinin “Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə bir bəyanatı da olmuşdu ki, bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü” sözlərini xüsusi diqqətə çatdıraraq yazır: “İlham Əliyev rahat və inamla danışırdı. Onun nitqində bir kəlmə də olsun artıq söz yox idi, dəqiq formalaşdırdığı fikirləri, heç şübhəsiz, Azərbaycan PUA-ları erməni tanklarını vurduğu kimi, birbaşa hədəfə dəyirdi”.
Azərbaycan Prezidentinin İkinci Qarabağ müharibəsi dövründə düşmən tapdağı altından azad edilən şəhər və rayonların adlarını sadaladığını, noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qafqazın incisi Şuşanın işğalına son qoyulması ilə hərbi əməliyyatların başa çatdığını söylədiyini qeyd edən A.Kolesnikov onun “darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur” sözlərini də sitat gətirib. Onun fikrincə, Azərbaycan Prezidenti bu sözləri üçtərəfli müqavilənin sonadək yerinə yetirilməsinə nail olmaq üçün deyib.
Sonda A.Kolesnikov yazır: “İlham Əliyev “biz Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlardan birinə çevirəcəyik” sözləri ilə öz benefisini başa çatdırdı. Qəribə idi ki, alqış səsləri eşidilmirdi. Sammitdə bundan sonra baş verənlər isə artıq heç bir əhəmiyyət kəsb etmirdi”.