Qardaş Azərbaycanın 44 gün davam edən Vətən müharibəsini Zəfərlə başa çatdırması və illərdir Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi çətin keçən 2020-ci ildə bizi ən çox xoşbəxt edən hadisəni – Zəfər Gününü qürurla qeyd etməyimizə səbəb oldu.
Bu sözlər Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gülün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktubunda vurğulanır.
“Vətən müharibəsində şanlı mübarizə nəticəsində Qələbə qazanan qəhrəman Azərbaycan Ordusunu, bütün azərbaycanlı qardaşlarımı və Zati-alinizi Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Zati-alinizin qətiyyətli liderliyi ilə qazanılan bu Zəfər bütün Türk dünyasına sonsuz sevinc və qürur hissi yaşatdı. Bu Zəfərin əldə olunması üçün canlarını göz qırpmadan fəda edən üç minə yaxın əziz şəhidimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”, – deyə məktubda bildirilir.