Ziyarətçiləri hələ olmasa da...

Türkiyənin Bursa, Konya və Tunceli vilayətlərində mövcud pandemiya şəraitinə rəğmən bərpa və yenidənqurma işləri başa çatan üç muzey istifadəyə verilib.

Bursadakı Türk İslam Abidələri Muzeyi ilk Osmanlı mədrəsələrindən olan və 1414-1424-cü illərdə inşa edilən Yaşıl Mədrəsədə yerləşir. Muzeydə XIII əsrdən günümüzədək gələn Səlcuqlu, Bəylik və Osmanlı dövrlərinə aid çini və keramika əsərləri, eləcə də taxta, oyma və naxış işi olan heykəllər, türk metal sənəti nümunələri, Səlcuqlu və Osmanlı dövrünə aid sikkələr, ənənəvi türk əl işləri və geyimlər sərgilənir.

Konyanın Akşəhər bölgəsindəki Daş Abidələr Muzeyi ilk muzey binası olaraq istifadə edilən Daş Mədrəsənin nəzdində yaradılıb. Muzeydə Neolit dövründən Osmanlı dövrünün sonuna qədər olan əsərlər saxlanılır. Burada tarixi bir bütövlük yaratmaq üçün Türk-İslam dövrünə aid məzar daşları, kitabələr və daş abidələr sərgilənir.

1935-1937-ci illərdə hərbi kazarma olaraq inşa edilən Tunceli Muzeyi 1949-cu ilə qədər bu məqsədlə istifadə edilib və sonra yaşayış yerinə çevrilib. Paleolit dövründən Türkiyə Respublikasının yaranma tarixinə qədər olan dövrlərə aid 692 əsərin sərgilənəcəyi muzey 5 min 800 kvadratmetr qapalı ərazidə yaradılıb. Muzeyin 1800 kvadratmetrlik bağçasında tamaşa göstərilməsi, konsert kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Mehparə SULTANOVA