Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi və kitabxananın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir” mövzusunda elmi konfrans və “Ümummilli Lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderə həsr olunmuş film nümayiş edilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov bildirib ki, Azərbaycan dövlətinin bu günə gəlib çıxması, elmin, təhsilin, mədəniyyətin çiçəklənməsi məhz Ulu Öndərin qurduğu müdrik siyasətin nəticəsidir. Qeyd edib ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən, öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı Milli Kitabxanaya bağışlamasından və bütövlükdə Azərbaycanda kitabxana işinin inkişafı istiqamətində atdığı addımlardan bəhs ediblər.
Tədbirin davamında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Ümummilli Lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı olub.
Sonda tədbir iştirakçıları və qonaqlar Ulu Öndərə həsr edilmiş geniş kitab sərgisi ilə tanış olublar.