Amerikanın “Forbes” jurnalı “BioNTech” və “Moderna” əczaçılıq kompaniyalarının rəhbərlərini koronavirus pandemiyası şəraitində səhiyyə sahəsində fəaliyyət göstərərək varlanan 50 yeni milyarderi siyahısına daxil edib.

Jurnalın məlumatına görə, koronavirus pandemiyası bir çox əczaçılıq şirkəti rəhbərlərinin və səhiyyə sahəsinə yatırım edən sərmayəçilərin varidatının xeyli artmasına şərait yaradıb.

“Forbes”in siyahısına düşən 50 yeni milyarder arasında koronavirusa qarşı daha uğurlu iki vaksini hazırlayan kompaniyaların rəhbərləri də var. Vaksinlərdən biri ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətləri tərəfindən, digəri isə Massaçusets ştatında (ABŞ) yerləşən “Moderna” kompaniyası tərəfindən hazırlanıb.

“BioNTech”in türk əsilli baş direktoru Uğur Şahinin varidatı 4,2 milyard dollara yüksəlib. 2011-ci ildən “Moderna” kompaniyasına rəhbərlik edən fransalı Stefan Bansel isə var-dövlətini 4,1 milyard dollara çatdırıb. 2010-cu ildə “Moderna” kompaniyasına 5 milyon və 1,5 milyon dollar yatıran amerikalı sərmayəçilər Timoti Springer və Robert Langerin varidatı isə hazırda müvafiq olaraq 2 milyard və 1,5 milyard dollar həcmində qiymətləndirilir.

İLONA