Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
Azərbaycanın Qarabağ bölgəsi qədim tarixi, zəngin maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi irsi, eləcə də adət-ənənələri ilə fərqlənir. Bütün bunlar bədii təfəkkür və yaradıcılığa müsbət təsir göstərən bölgənin əsrarəngiz təbiətinin, təbii sərvətlərinin zənginliyinin nəticəsidir. Qarabağın mədəniyyət xəzinəsində bu qədim torpağımızın insanlarının çoxəsrlik adət-ənənələri mühüm yer tutur.
Mədəniyyət Nazirliyi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilən Qarabağın təkcə abidələri və mədəniyyət infrastrukturunu deyil, eyni zamanda tarixən bu torpaqlarda mövcud olan mədəni ruhu və əhval-ruhiyyəni bərpa etmək məqsədilə “Yurda qayıdış: Qarabağın adət-ənənələri” layihəsinə start verib.
Nazirlik bu bölgəmizin insanlarını layihədə iştirak etməyə çağırır. Layihədə iştirak etmək istəyənlər Qarabağın milli köklərə söykənən rəngarəng həyat tərzini yenidən canlandırmaq üçün tarixən bu torpaqlarda mövcud olmuş adət-ənənələr barədə ətraflı məlumatı (yazılı məlumat, xatirələr, foto və videomateriallar) nazirliyin rəsmi sosial media hesablarına və aşağıdakı e-mail ünvanlarına (“mövzu” hissəsində layihənin adını qeyd etməklə) təqdim edə bilərlər: info@creative.az, pressmedeniyyet@gmail.com.