C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası bir müddət əvvəl İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanasının təşkil etdiyi “Qələbənin şifrəsi – BİRLİK” adlı İnternet foruma dəvət almışdı. Faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan forum işinə yekun vuraraq, qalibləri elan edib.

Foruma Xalq yazıçısı, 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş Hüseyn Abbaszadə haqqında hazırladığı video material və müəllifin iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəhrəmanlıq və şücaətindən bəhs edən "General" romanı haqqında esse təqdim edən Respublika Gənclər Kitabxanasının oxucusu Jalə Rəhimova birinci yerə layiq görülüb.

Müsabiqəyə kitabxana əməkdaşları ilə yanaşı, fəal oxucuların da cəlb edilməsi və müvafiq materialların hazırlanmasında oxucuların iştirakını təmin etmək “Qələbənin şifrəsi - BİRLİK” adlı İnternet forumun əsas şərtlərindən biri idi. Bununla əlaqədar olaraq, Respublika Gənclər Kitabxanasının Xarici ədəbiyyat şöbəsinin fəal oxucuları bu işə cəlb edilmişdi. Bu müsabiqəyə göndərilən materiallar İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanası tərəfindən gələcəkdə hazırlanacaq “Müharibənin müqəddəs səhifələri” adlı interaktiv ədəbiyyat xəritəsinin (elektron resurs) fraqmentlərinə çevriləcək. Bu isə öz növbəsində Respublika Gənclər Kitabxanası tərəfindən müsabiqəyə təqdim olunan materialların geniş oxucu kütləsinə çatdırılmasına səbəb olacaq.