Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün soydaş və həmvətənlərimiz üçün mənəvi ehtiyaca çevrilib.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə azərbaycançılıq, diasporlarla iş, diasporlara dövlət qayğısı, Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyası, multikulturalizm, tolerantlıq haqqında kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi 1989-cu il dekabrın 31-də baş verən hadisə ilə bağlıdır. Həmin gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasında minlərlə insan o vaxtkı SSRİ-İran sərhədini keçərək Cənubi Azərbaycandakı soydaşlarımızla qovuşub. Azərbaycan Ali Sovetinin 25 dekabr 1991-ci il tarixli qərarı ilə bu tarix Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib.

Virtual sərgi ilə aşağıdakı linkdə tanış olmaq olar:

http://anl.az/el/vsb/Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu/index.htm