İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) 2021-ci ildə təşkilatın həyata keçirəcəyi yeni layihələri açıqlayıb.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Milli Xəbər Agentlikləri Birliyi (UNA) ilə keçirilən birgə virtual media forumunda çıxış edən İCESCO-nun Baş direktoru Salim əl-Malik yeni ilin ilk günlərində Məhəmməd Peyğəmbərə həsr olunmuş beynəlxalq konfransa hazırlıq görüldüyü barədə məlumat verib. Qeyd edib ki, İslam və Qərb ölkələrindən ilahiyyatçı alimlərin iştirak edəcəyi bu geniş tədbir Müsəlman Dünyası Liqası və İlahiyyatçıların Məhəmmədiyə Liqası ilə birlikdə keçiriləcək. Bundan başqa, İCESCO-nun təşkilatçılığı ilə İslam dünyasında medianın gələcəyi mövzusunda da konfransın keçirilməsi nəzərdə tutulur.

Baş direktor qeyd edib ki, 2021-ci ilin İslam dünyasında “Qadın ili” elan edilməsi münasibətilə İƏT-ə üzv ölkələrin iştirak edəcəyi geniş tədbirin təşkili də bu layihələr arasındadır. Belə ki, ilboyu keçiriləcək tədbirdə qadın hüquqları və cəmiyyətin sosial-iqtisadi həyatında zərif cinsin nümayəndələrinə dəstəyin artırılması məsələləri müzakirə ediləcək.

İCESCO-nun rəhbəri təşkilatın 2020-ci ildə gördüyü işlər barədə də ətraflı məlumat verib.