Azərbaycan əsilli fransalı rejissor və aktyor Robert Hossein 2020-ci il dekabrın 31-də, 93 yaşında vəfat edib.

Robert Hossein (Rober Osseyn)1927-ci dekabrın 30-da də Parisdə doğulub. Atası – skripka ifaçısı və bəstəkar Əminulla Hüseynov (Fransaya mühacirət etdikdən sonra Andre Hossein) Səmərqənd azərbaycanlılarından idi. O, sovetləşmə zamanı, 1921-ci ildə Almaniyaya mühacirət etmiş, Berlin Konservatoriyasında təhsil almışdı. Almaniyada yəhudi əsilli rusiyalı (ukraynalı) Anna Minkovskaya ilə evlənmiş, sonra gənc ailə Fransaya köçmüşdü.

Robert Hossein karyerasına 1940-cı illərdə aktyor kimi başlayıb. 1950-ci illərdə teatr rejissorluğuna başlamazdan əvvəl ilk filmlərini çəkib. O, “Döyüş gəmisi Potyomkin”, “Səfillər”, Yuli Sezar”, “İsa”, “Danton”, “Robespyer” kimi 20-dən çox filmə quruluş verib. Sonuncu ekran işi “Məryəm adlı qadın” filmi olub.

R.Hosseinin ən böyük tamaşası 1978-ci ildə səhnələşdirdiyi və Fransa paytaxtında təqdim etdiyi “Paris Notre Dame” tamaşası olub. Səhnə əsərini 580 min tamaşaçı izləyib və bu, onun ən uğurlu tamaşası hesab olunur.

Təyyarəyə minməkdən çəkinən Robert Hossein Bakıya ilk gəlişini həyat yoldaşı Kandis Patu belə xatırlayır: “İlk dəfə Azərbaycana dəvət alanda 40 il idi ki, təyyarəyə minmirdik. Bir çox ölkələrə dəvət edilmişdik, amma getmirdik. Səbəb Robertin təyyarəyə minməməsi idi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəvətini böyük məmnuniyyətlə qəbul etdik. Robert özünü pis hiss edər deyə, hər ehtimala qarşı dərmanlar götürdüm. Ancaq o dərmanlara ehtiyac olmadı. Təyyarədə azərbaycanlılarla yol tez qət olundu. Bakıda hava limanına enəndə çoxlu insanlarla əhatə olunduq. Elə burada Robertin atasının musiqisini dinləməli olduq. Fransadan Bakıya neçə uçduğumuzu bilmədik. 40 illik həyəcan itib-getdi. Sonra biz İçərişəhərə baş çəkdik. Robert köhnə şəhərdə gəzdikcə, çox təsirləndi. O, Qız qalasına baxdı və ağlamağa başladı. Yolda olan yaşlı bir azərbaycanlı Robertə yaxınlaşdı və onu qucaqladı. Biz həmin səhnəni yaddan çıxara bilmirik”.

***

Sənətkar Bakıya səfərindən sonra belə demişdi: "Məni Azərbaycana dəvət etdiklərinə görə Prezident İlham Əliyevə və ölkənin Birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirəm! Onlar mənə əcdadlarımla yaxından tanış olmaqda kömək etdilər”.

Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi Robert Hosseinin vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Robert Hosseinin əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin.