Sumqayıt Regional Mədəniyyət İdarəsinin onlayn formatda keçirdiyi müşavirədə 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub.

İdarənin rəisi Rəşad Əliyev 2020-ci ili müstəqil Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldığını qeyd edib. Bildirib ki, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilib, xalqımızın 30 illik yurd həsrətinə son qoyulub.

Rəşad Əliyev qeyd edib ki, idarəni tabeliyində olan müəssisələr 2020-ci ildə bütün dünyanı cənginə almış COVİD-19 pandemiyasının yaratdığı yeni reallıqlara uyğun şəraitdə fəaliyyət göstərib. İl ərzində çoxsaylı tədbirlər onlayn formatda reallaşıb, sosial şəbəkələrdə və digər internet platformalarda müsabiqələr, konsertlər və digər layihələr keçirilib. 74 mədəniyyət müəssisəsi dezinfeksiya işləri aparılıb, sosial dəstəyə ehtiyacı olan 352 şəxsə yardım göstərilib.

Müşavirədə idarənin 2020-ci ildə fəaliyyətinə dair hesabat dinlənilib, fikir mübadiləsi aparılıb. Abşeron rayonu üzrə baş məsləhətçi, Əməkdar mədəniyyət işçisi İlham Manafov, Sumqayıt şəhər Ə.Bakıxanov adına 1 saylı Uşaq musiqi məktəbinin direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Süleymanov və digərləri rəhbərlik etdikləri müəssisələrin fəaliyyətindən bəhs ediblər. 2019-2020-ci tədris ilində musiqi və incəsənət məktəblərini müvəffəqiyyətlə bitirən şagirdlərin ali və orta ixtisas məktəblərinə qəbul faizinin yüksək olduğu diqqətə çatdırılıb.

Müşavirə 2021-ci ildə görüləcək işlər barədə də danışılıb, hələlik yeni ilin ilk ayında da fəaliyyətin karantin rejiminə uyğun formatda davam edəcəyi bildirilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.

***

Ağdaş Regional Mədəniyyət İdarəsinin aparat işçiləri, rayonlar üzrə nümayəndələri və tabe müəssisələrin rəhbərlərinin iştirakı ilə dekabrın 28-də videokonfrans keçirilib.

2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxış edən idarə rəisi Ramiz Quliyev eyni zamanda tabe müəssisələrdə əmək intizamına ciddi riayət olunmasının vacibliyini bir daha diqqətə çatdırıb.

İclasda həmçinin, digər məsələlər də müzakirə olunub, mövcud pandemiya vəziyyəti ilə əlaqədar tabe müəssisələrdə dezinfeksiya işlərinin aparılması, elektron xidmətlərə daha çox üstünlük verilməsi, virtual məkanda aktivliyin artırılması, uşaq musiqi və incəsənət məktəblərində distant dərslərin, onlayn tədbirlərin keçirilməsi və videoçarxların hazırlanması barədə tapşırıqlar verilib.

Sonda Ramiz Quliyev bütün əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib, 2021-ci ildə onlara işlərində uğurlar arzulayıb.