Gəncə şəhərində 1804-cü ildə Çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı apardığı döyüşlərdə qəhrəmancasına həlak olan Cavad xanın (1748-1804) xatirəsi anılıb. Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gəncə şəhərindən millət vəkili Naqif Həmzəyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev, şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev, Cavad xan Tarix və Mədəniyyət Fondunun  vitse-prezidenti Müzadil Həsənov iştirak ediblər.

Pandemiya ilə bağlı mövcud rejimi səbəbindən bu il şəhər sakinləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə kütləvi anım mərasimi keçirilməyib.

XIX əsrin əvvəlində Şimali Azərbaycan torpaqlarını işğal etmək üçün yürüşə çıxan Çar Rusiyası qoşunları üçün Gəncə qalası əsas hədəflərdən idi. General Pavel Sisianovun komandanlıq etdiyi qoşunlar 1803-cü il noyabrın 20-də Tiflis istiqamətindən Gəncəyə doğru hərəkətə başlayır. Qoşun dekabr ayında Gəncə qalasına çatır. Sisianovun təslim olmaq və Rusiya təbəəliyini qəbul etmək təklifini Cavad xan qəti şəkildə rədd edir. 3 yanvar 1804-cü ildə qalaya hücum başlanır. Cavad xan oğulları ilə birlikdə Gəncə xanlığının azadlığı uğrunda son damla qanınadək mərdliklə mübarizə aparır və qəhrəmancasına həlak olur.