… İndiyədək çalışdığım neçə mətbu orqanda onlarla təbriknamə yazmışam. Elə son illər imzamın ünvanı olan “Mədəniyyət” qəzeti də istisna deyil. Təbii ki, yubilyar sənət adamlarına, görkəmli mədəniyyət xadimlərinə ünvanlanan təbrikləri öz adımdan deyil, qəzetin adından yazmışam. Amma indi elə bir məqam yetişib ki, doğma və sevdiyim “Mədəniyyət” qəzetinin otuz yaşı tamam olur. Nəzərə alsaq ki, yuvarlaq nəşr yaşına çatmış “Mədəniyyət” qəzeti ilə mənim peşəkar jurnalist fəaliyyətim, demək olar ki, yaşıddır, o zaman doğma qəzetim barədə bir neçə kəlməlik ürək sözümü təbrik adı ilə elə onun üzünə, yəni öz səhifəsindəcə deməyə haqqım çatır.

“Mədəniyyət” qəzeti dövlət müstəqilliyimizin ilk ilində Azərbaycan yazılı mətbuatında əsən yeni nəfəsdən doğuldu. Konkret bir qurumun – o zamankı Mədəniyyət Nazirliyinin rəsmi orqanı kimi fəaliyyətə başlasa da, nə digər nazirlik qəzetləri kimi rəsmiyyətlə, qərar və sərəncamların dərci ilə kifayətlənən, nə də ayrı-ayrı məmurların bir-birinə oxşayan sicilləmə müsahibələrinin palaz kimi döşəndiyi sahə qəzeti oldu. Əslində, bir dövlət qurumunun mətbu nəşri olsa da, “Mədəniyyət”i hansısa rəsmiyyət çərçivəsinə sıxışdırmaq özü absurddur. Mədəniyyət anlayışı topluma, xalqa, hər kəsə aid olduğu qədər “Mədəniyyət” də hər kəsin – istər sıradan bir fərd, vətəndaş olaraq mədəniyyət hadisələrini izləyən, mədəniyyətə dəyər verən, istərsə də ömrünü bu sahəyə həsr etmiş, Azərbaycan mədəniyyətini yaradan və yaşadanlar olsun – hər kəsin qəzetidir. Ən azı ona görə ki, otuz il əvvəl bu məramla yola çıxıb və bu illəri həmin amalda yoluna davam edib.

Hərçənd onu da etiraf edək ki, bir çoxları əsl mədəniyyət hadisəsi ilə mədəniyyətə yaxından-uzaqdan bağlı (aidiyyəti) olanların həyatında baş verən olayları qarışdırdığından, böyük mədəniyyətə xidmət edənlərlə sənət hədəfi toy tutmaqdan, ucuz gülüşdən (komediya yazmağa əlim gəlmir) uzağa getməyənlər eyniləşdirildiyindən, biz “Mədəniyyət” olaraq işıq saldığımız sahələr, toxunduğumuz mətləblərlə belə bir qarışıq dəyərlər gündəmində “parlaya” bilmirik...

Bu yerdə özüm kimi cəfakeş iş yoldaşlarımın, sənət yolu bir zaman “Mədəniyyət”dən düşmüş həmkarlarımın iradı gəlir qulağıma: “Eh, nəyi qoyub, nəyi axtarırsan… Axı mətbuat da bazar qanunları ilə çalışmağa məcburdur...”. Əslində, bazar qanunları ifadəsi ilə rastlaşınca digər iradları dinləməyə dəyməz. Çünki bütün bazarlarda bahalı malın alıcısı həmişə az olur.

Kənardan bəlkə də bir növ özünə təskinlik verməyə oxşaya bilər fikirlərim. Yəni səmimi görünməz. Olsun. Məşhur müdrikin təbirincə desək, mən yazdığıma cavabdehəm, oxunana yox. Bu qədər ciddi “Mədəniyyət” və mədəniyyət təəssübkeşliyimin etirafından sonra bir irad da eşidirəm: peşəkar jurnalistikada illəri arxada qoyandan sonra, yetkin çağında “Mədəniyyət”ə niyə gəldin? Cavabım da bəllidir: “Mən elə hər zaman mədəniyyətdə olmuşam. Mədəniyyətin içində olanın imzası da elə “Mədəniyyət”də olar”. Nə gizlədim, indiyədək çalışdığım redaksiyalarda həmişə başqa sahədən yazan iş yoldaşlarımın mədəniyyətə dair yazılara səhifədə geniş yer verilməsindən bəzən aşkar, bəzən üstüörtülü narazılıqları ilə rast gəlmişəm. Amma “Mədəniyyət”də belə bir problem yoxdur. Çünki burada hamı mədəniyyətdən yazır.

Bu günlər böyük mədəni amallara xidmət edən kiçik heyətli qəzetin otuz yaşı tamam olur. Son doqquz-on ayın nisbi mədəni süstlüyü fonunda da yazmağa mövzu tapan, qəzetin dövriliyinə dəyişiklik etməyən, əksinə, hər gün saytı da yeni məlumatlarla təzələnən “Mədəniyyət” kollektivinin yubileyidir.

Bu redaksiyada çalışma müddətindən asılı olmadan, bişmiş qələmi ilə “Mədəniyyət”in səhifələrində görünən, ilk kövrək qələm təcrübələrini bizim redaksiyada edən müxbirlərin, yazılarımızı diqqətlə oxuyub mexaniki hərf səhvlərindən ta arabir üzə çıxan ciddi üslub və fakt xətalarımızı “yaxalayan” redaktorlarımızın, imzası qəzetin səhifəsində görünməyib amma onun əziyyətini çəkən texniki heyətin bayramıdır. Təkcə bizimmi? Təbii ki, yox! Çünki “Mədəniyyət” heç vaxt kiçik bir qrupa məxsus ola bilməz!

Odur ki, bizimlə bərabər, oxucularımıza da, həmçinin ölkənin mədəniyyət cameəsinə aidiyyəti olan hər kəsə də “Mədəniyyət” yubileyi ilə bağlı təbrik düşür.

Doğma qəzetə sevgiylə

Gülcahan MİRMƏMMƏD