Doğum gününə Xocalı soyqırımı “yazılmışdı”

Xalqımıza böyük Zəfər sevinci bəxş edən 2020-ci ilin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızdan biri də Tural Abdullayevdir. Digər silahdaşları kimi, onun da şücaətli döyüş yolu indiki və gələcək nəsillər üçün vətənsevərlik örnəyidir.

Tural Şakir oğlu Abdullayev 1990-cı ilin 26 fevralında Laçın rayonunun Ərikli kəndində anadan olub. Doğulduğu il ailəsi Xocalı şəhərinə köçüb. Nə bilərdilər ki, burada insanlıq əleyhinə müdhiş bir cinayətin şahidi olacaqlar. Turalın iki yaşı tamam olan gün – 1992-ci il fevralın 26-da erməni quldurları Xocalını yerlə yeksan edib dinc əhaliyə qarşı soyqırımı törətdilər. Xocalı soyqırımında Turalın yaxın qohumunun ailəsi də tamamilə məhv edilmişdi.

Kiçik yaşlarından düşmənə nifrət bəsləyən Tural böyüyəndə yağıdan qisas almağı qarşısına məqsəd qoymuşdu. Heç vaxt doğum gününü qeyd etmirdi, doğum günlərində intiqam hissi ilə alışıb yanırdı...

2008-ci ildə Salyanda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində hərbi xidmət keçən Tural Abdullayev xidməti başa vurduqdan sonra Zaqatalada Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin əməliyyat qrupunda çalışıb. 12 il XTQ-də qulluq etdiyi müddətdə nümunəvi xidmətinə görə medal və fəxri fərmanlarla təltif edilib. Axırıncı dəfə 2020-ci ilin iyun ayında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdu.

Qəhrəmanın atası Şakir Abdullayev bildirir ki, Tural hələ uşaq yaşlarından ona döyüş meydanında Xocalının qisasını alacağını deyərmiş. Vətən müharibəsi başlamamışdən əvvəl “Yaşma” xüsusi təyinatlıları sırasında təlimlərdə iştirak etmişdi. Turalın gözlədiyi qisas vaxtı artıq yetişmişdi. “Boz qurd” ləqəbli döyüşçü qorxmadan döyüşlərə atıldı. Böyük şücaət göstərək qəhrəmancasına şəhid oldu. Canı qədər sevdiyi üçrəngli bayraq tabutuna, məzarı üstünə sərildi…

Atası Turalla son dəfə sentyabrın 26-da əlaqə saxladığını deyir: “Mənə bildirdi ki, hər şey yaxşıdı. Məndən ötrü nigaran qalma. Vətən uğrunda şəhidlik zirvəsinə ucalmaq onun ən böyük istəyi idi və arzusuna çatdı...”.

Baş çavuş Tural Abdullayev sentyabrın 30-da Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 1-də paytaxtın Xəzər rayonunda torpağa tapşırılıb.

Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, Tural Abdullayev ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin.

Nurəddin MƏMMƏDLİ