Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər 3 və 4 nömrəli musiqi məktəblərinin şagirdləri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) məktəb-studiyasının 40 illiyinə həsr olunmuş onlayn “Akademik, xalq və caz musiqisi ifaçılarının müsabiqəsi”ndə uğurla çıxış ediblər.

3 nömrəli məktəbin fortepiano ixtisası üzrə şagirdləri Nübar Əbdürrəhmanova, Melisa Məcidova, Sona Həsənli, Günel Nəsibli və Aişə Fətəliyeva diplomlarla mükafatlandırılıblar. 4 nömrəli məktəbin şagirdi Nuray Əhmədova müsabiqənin diplomantı adını qazanıb.

Şəki şəhər Uşaq incəsənət məktəbinin rəsm müəllimi Nihat Mustafazadə məktəbin “Facebook” şəbəkə səhifəsində canlı olaraq Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidinin təsvirini yaradıb.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Uşaq şöbəsi görkəmli şair Mikayıl Müşfiqin anım günü (6 yanvar) ilə əlaqədar olaraq “Müşfiqin uşaqlara məhəbbəti” başlığı altında onlayn nağıl saatı keçirib.

Uşaq şöbəsi həmçinin Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın (1961-1991) həlak olmasının 30-cu ildönümü ilə əlaqədar “Azərbaycanın qəhrəman qızı” başlığı altında onlayn söhbət təşkil edib.

Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı Vətən müharibəsi şəhidi Elmir Vidadi oğlu Nəcəfovun ailəsi ilə görüş keçirib.

Gəncə şəhəri T.Hacıyev adına 2 nömrəli Uşaq musiqi məktəbi “Şuşanın mədəniyyəti” adlı onlayn tədbir keçirib. Tədbirdə Şuşanın ədəbiyyat və mədəniyyətimizə bəxş etdiyi görkəmli simalardan söz açılıb, ötən il noyabrın 8-də şəhərin erməni işğalından azad olunmasından, dövlət başçısı tərəfindən Azərbaycan mədəniyyətinin paytaxtı elan olunmasından danışılıb.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan Böyük Göyüşlü kənd Folklor klubu Birinci Qarabağ müharibəsi şəhidi,  Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərimov (1971-1992) haqqında videoçarx hazırlayıb.

Yevlax rayon Aran qəsəbə Uşaq musiqi məktəbinin xor müəllimi Nəzakət Salmanova isə Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstə Baxışova haqqında videoçarx ərsəyə gətirib.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbinin şagirdləri də BMA-nın məktəb-studiyasının 40 illiyinə həsr olunmuş onlayn müsabiqədə uğurla çıxış edərək yüksək nəticələr qazanıblar.

***

Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul rayon Mərkəzi kitabxanası və Saatlı rayon Mədəniyyət Mərkəzinin Cəfərxan kənd Diyarşünaslıq evi filialı “Nizami Gəncəvi İli” ilə əlaqədar sərgi təşkil ediblər.

N.MƏMMƏDLİ