Ukraynada çıxan “Kiyev” ədəbi jurnalında “Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi Ukrayna araşdırmaları və tərcümələrdə” sərlövhəli məqalə dərc edilib.
Jurnalın 2021-ci il üzrə son (dekabr) nömrəsində Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı çap olunan məqalənin müəllifi jurnalist, Ukrayna-Azərbaycan layihələrinin kuratoru Marina Qonçarukdur.
Məqalədə Nizaminin həyat və yaradıcılığı, əsərlərinin Ukrayna dilinə tərcümələri, o cümlədən Leonid Pervomayski (“Leyli və Məcnun” poemasının tərcüməçisi), Vasil Barka (“Xosrov və Şirin” poemasından parça), Vasil Mısık (“Sirlər xəzinəsi”ndən parça), Nikolay Tereşenkonun (“Yeddi gözəl” poemasından parça), Mikola Miroşniçenko və Aleksey Kononenko və Yevgeni Mironovun tərcüməsində Nizaminin qəzəlləri haqqında geniş məlumat verilib.
Müəllif yazır: “Ukraynalı alimlərin tədqiqatları ilə daha yaxından tanış olduqca anladım ki, qarşıda hələ çox iş var. Düşünürəm ki, “Nizami ili” Ukraynada mühüm hadisələrlə zəngin idi, Ukraynanın nizamişünaslığa qayıdışı çox vacib idi. Əminəm ki, bu işlər davam edəcək...”.