Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi və Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı kimi qəbul olunması qardaş ölkənin tarixi və mədəniyyətinin vəhdət olunmuş şəkildə təbliğatı üçün əsaslar yaradır. İstər Nizami Gəncəvinin şəxsiyyəti, istərsə də Şuşa şəhəri Azərbaycana nə qədər əzizdirsə, Türkiyə və xalqımız üçün də bir o qədər əziz və dəyərlidir. Biz də bu iki zəngin mənəvi dəyərə söykənib Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün var qüvvəmizlə çalışacağıq.

Bu fikirləri Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar deyib.

Bilal Dündar vurğulayıb ki,  Nizami Gəncəvinin əsərləri dünya ədəbiyyatının misilsiz inciləridir: “Əminəm ki, “Nizami Gəncəvi İli” çərçivəsində böyük mütəfəkkirin əsərləri bir daha dünya dillərində nəşr olunacaq və təbliğ ediləcək. Şuşa Azərbaycanın 44 günlük rəşadətli qələbəsinin mənəvi simvoludur. Şuşanın mədəniyyət paytaxtı elan olunması Azərbaycan tarixinə, xüsusilə Qarabağa bağlı bütün həqiqətlərə işıq salır. Biz də Prezident İlham Əliyevin Nizami Gəncəvi və Şuşa ilə bağlı qərarlarına uyğun olaraq geniş fəaliyyət planı hazırlayacağıq. Əminəm ki, Şuşada keçiriləcək “Xarı bülbül festivalı” və Vaqif Poeziya Günləri bütün dünyaya səs salacaq. Bir daha hamı əmin olacaq ki, Qarabağ Azərbaycandır!”