Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ölkəmizin İCESCO ilə informasiya, kommunikasiya və innovasiyalar sahəsində birgə layihələr həyata keçirməsi barədə söhbət aparılıb.

Nazir Ramin Quluzadə qonaqlara işğaldan azad edilmiş ərazilərdə dağıdılan infrastrukturun yenidən qurulması barədə danışaraq qeyd edib ki, tarixi şəhərimiz Şuşaya birinci dərəcəli yolun çəkilişi üzrə işlər artıq başlayıb. Xankəndiyə aparan dəmir yolunun bərpası ilə bağlı işlər də gedir. İşğaldan azad edilən ərazilərdə infrastrukturun sıfırdan qurulacağını və əhalinin sıx yaşayacağı ərazilərdə “ağıllı şəhər” layihələrinin tətbiqinin planlaşdırıldığı diqqətə çatdırılıb.

Hazırda innovasiyaların bütün dünyanın diqqət mərkəzində olduğunu deyən nazir Azərbaycanda da innovasiya ekosisteminin inkişaf etdirilməsinin başlıca prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyini vurğulayıb. Qeyd edib ki, ölkəmizdə “ağıllı şəhər” həllərinin tətbiqi 2020-2022-ci illər üçün Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planında öz əksini tapıb.

İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Vətən müharibəsində qazandığımız qələbə münasibətilə xalqımızı bir daha təbrik edib. O, Azərbaycanın işğaldan azad edilmiş şəhərlərini ziyarət etdiyini, vəziyyətlə yerində tanış olduğunu bildirib. “Orada yaşanan faciəni gözlərimizlə gördük. Şəhərlər tamamilə dağıdılıb, heç bir ölçüyə sığmayan vandalizm aktı törədilib”, – deyə Salim bin Məhəmməd əl-Malik vurğulayıb.

Görüş zamanı Azərbaycan–İCESCO əlaqələri, informasiya, kommunikasiya və innovasiyalar sahəsində həyata keçiriləcək birgə layihələr üzrə fikir mübadiləsi aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi təşkil olunan “İnnoWeek – İnnovasiyalar həftəsi” çərçivəsində 2021-ci ildə İCESCO ilə birgə tədbirin keçirilməsi, “Falcon Summit 2021”də yerli və xarici ölkələrin innovativ layihə və startapların beynəlxalq investorlara təqdim olunması məsələləri də müzakirə edilib.

Həmçinin startap mübadilə proqramları, Azərbaycanın İKT sektoruna İCESCO tərəfindən investisiya qoyuluşu və startapların vençur maliyyələşmə yolu ilə kommersiyalaşdırılmasına dəstək, İslam ölkələrində təhsil və İT layihələrinin dəstəklənməsi məqsədilə birgə vençur fondların yaradılması barədə fikir mübadiləsi aparılıb.