Azərbaycan

15 yanvar 1904 – Əməkdar artist Cabbar Əli oğlu Əliyev (1904-1973) Naxçıvanda doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə (“Qızmar günəş altında”, “Qaraca qız” (Piri baba), “Görüş”) çəkilib. 

15 yanvar 1907 – Əməkdar artist, aktyor, dramaturq Məcid Baba oğlu Şamxalov (1907-1977) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. “Qayınana” komediyasının müəllifidir.

15 yanvar 1914 – Yazıçı Ənvər Yusif oğlu Qasımov (1914-1989) Yevlax rayonunda anadan olub. Əsərləri: “Düşmənimin düşməni”, “Cərrahlar” (roman) və s.

15 yanvar 1936 – Yazıçı-publisist, tərcüməçi Vaqif Musa (Vaqif Məmmədyusif oğlu Musayev; 1936-1996) Quba rayonunun Rustov kəndində anadan olub. “Bəyim çayı boyunca”, “Səhər mehi” və s. romanların müəllifidir.

 

16 yanvar 1905 – Yazıçı Üm-əl-Banin (Ümmülbanu Mirzə qızı Əsədullayeva; 1905-1994) anadan olub. Neft milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsidir. Azərbaycanın sovetləşməsindən sonra ailəsi ilə Fransaya mühacirət edib, fransız dilində yazıb: “Qafqaz günləri”, “Sonuncu ümidin çağırışı” və s.

16 yanvar 1944 – Tanınmış ədəbiyyatşünas, türkoloq, ictimai xadim Aydın Mirsaleh oğlu Məmmədov (1944 – 19.4.1991) Şəki rayonunun Kiş kəndində doğulub. Yazıçılar Birliyi nəzdində Bədii Tərcümə Mərkəzinin ilk rəhbəri, Ali Sovetin deputatı olub. Deputat həmkarı Dilarə Əliyeva ilə birlikdə Qax rayonu ərazisində avtomobil qəzasında həlak olub.

 

17 yanvar 1926 – Tanınmış şairə Mədinə Gülgün (Mədinə Nurulla qızı Ələkbərzadə; 1926 - 17.2.1991) Bakıda anadan olub. 1938-ci ildə ailəsi Cənubi Azərbaycana köçüb, orada milli azadlıq hərəkatının (1941-1946) iştirakçısı olub. 1947-ci ildə Bakıya gəlib. “Təbrizin baharı”, “Xatirələrimin nəğməsi”, “Dünyamızın sabahı” və s. kitabların müəllifidir.

17 yanvar 1929 – Azərbaycan milli teatrının ilk peşəkar aktyorlarından Mirzə Muxtar Məmmədov (1841-1929) vəfat edib. Şuşada doğulub, 1874-cü ildə Şuşada M.F.Axundzadənin “Hacı Qara” komediyasının tamaşasına quruluş verib, müxtəlif truppalarda aktyorluq edib.

17 yanvar 1942 – Musiqişünas, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Səadət Ağaməmməd qızı Seyidova (1942-2020) Bakıda doğulub.

 

18 yanvar 1925 – Tarixçi alim, pedaqoq Qasım Səfər oğlu Qasımov (1925 – 2.11.1991) anadan olub.

18 yanvar 1927 – Xalq artisti, dirijor Kamal Cahanbaxış oğlu Abdullayev (1927 – 5.12.1997) anadan olub. Akademik Opera və Balet Teatrında çalışıb.

18 yanvar 1983 – Yazıçı-dramaturq, publisist Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 27.8.1921 – 1983) vəfat edib. “Kirpi” jurnalının baş redaktoru olub. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək” və s. pyeslərin müəllifidir.

18 yanvar 2002 –  Görkəmli bəstəkar, pedaqoq, Xalq artisti, professor Cövdət İsmayıl oğlu Hacıyev (18.6.1917 – 2002) vəfat edib. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, səkkiz  simfoniya, orkestr və xor üçün əsərlər bəstələyib. Q.Qarayevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.

 

19 yanvar 1873 – Azərbaycanın ilk maarifçi qadınlarından Həmidə xanım Əhmədbəy qızı Məmmədquluzadə-Cavanşir (1873 – 6.2.1955) Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub. Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarındandır. Ömür-gün yoldaşı C.Məmmədquluzadənin bioqrafiyasını yazıb, Azərbaycan yazıçılarının əsərlərini ruscaya tərcümə edib.

19 yanvar 1923 – Əməkdar incəsənət xadimi, görkəmli rəssam Cavad Mirhaşım oğlu Mircavadov (1923 – 24.6.1992) Bakıda anadan olub. Əsərlərində şifahi xalq ədəbiyyatı personajlarına geniş yer verib. Əsərləri: “Şərq miniatürü mövzusunda improvizasiya” silsiləsi, “Toy”, “Şaman-qadın” və s.

19 yanvar 1931 – Xalq artisti Aydın Ağa oğlu Şahsuvarov (1931-1986) Naxçıvanda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

19 yanvar 1980 – Əməkdar artist Məmməd Abbasqulu oğlu Cəfərov (1912-1980) vəfat edib. Gəncə Dram Teatrında aktyor, Gəncə Dövlət Filarmoniyasında direktor işləyib.

 

Dünya

 

15 yanvar 1622 – Fransız dramaturqu Jan-Batist Molyer (Jean Baptiste Poquelin; 1622 – 17.2.1673) anadan olub. Avropa ədəbiyyatında klassik komediya janrının banisi sayılır. Əsərləri: “Tartüf”, “Psixeya”, “Don-Juan”, “Zorən təbib”, “Xəsis” və s.

15 yanvar 1795 – Rus şairi, dramaturq, diplomat Aleksandr Sergeyeviç Qriboyedov (1795 – 11.2.1829) anadan olub.

15 yanvar 1850 – Rumın ədəbiyyatının klassiki, şair Mixay Eminesku (Mihai Eminescu; 1850 – 15.6.1889) anadan olub.

15 yanvar 1902 – Türk şairi, dramaturq Nazim Hikmət (1902 – 3.6.1963) anadan olub. Siyasi baxışlarına görə 1951-ci ildə SSRİ-yə mühacirət edib. Məzarı Moskvadadır. Şairin “Məhəbbət əfsanəsi” pyesinin motivləri əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəlləli iki nəfər” (“Azərbaycanfilm”), “Məhəbbətim, kədərim mənim” (“Mosfilm”) filmləri çəkilib.

 

16 yanvar 1749 – İtalyan şairi və dramaturqu Vittorio Alfieri (1749-1803) anadan olub. Əsərləri: “Kleopatra”, “Orest”, “Aqamemnon”, “Mariya Stüart” və s.

 

17 yanvar 1706 – Amerika maarifçisi, ABŞ-ın qurucularından və ölkə Konstitusiyasının müəlliflərindən biri Bencamin Franklin (Benjamin Franklin; 1706-1790) Bostonda doğulub. Amerikada ilk kütləvi kitabxananın yaradıcısıdır.

17 yanvar 1863 – Rus teatrşünası, rejissor, pedaqoq Konstantin Sergeyeviç Stanislavski (Alekseyev; 1863-1938) anadan olub.

17 yanvar 1933 – İtalyan əsilli Fransa müğənnisi Dalida (İolanda Kristina Cilotti – Yolanda Christina Gigliotti; 1933-1987) Misirdə doğulub. Fransız və ərəb dilində populyar mahnılar oxuyub.

 

18 yanvar 1689 – Fransız filosofu Şarl Lui de Monteskye (Charles-Louis de Secondat, Baron de La Brede et de Montesquieu; 1689-1755) anadan olub.

18 yanvar 1882 – İngilis yazıçısı, uşaqlar üçün məşhur “Vinni Pux” əsərinin müəllifi Alan Aleksandr Miln (Alan Alexander Milne, 1882-1956) anadan olub.

 

19 yanvar 1809 – Amerika yazıçısı və şairi Edqar Po (Edgar Allan Poe; 1809-1849) anadan olub. Ədəbiyyatda detektiv-fantastik janrın yaradıcısı sayılır. Bir çox hekayə və novellaları (“Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qara pişik”, “Qarğa” və s.) əsasında filmlər çəkilib.

19 yanvar 1839 – Fransız postimpressionist rəssamı Pol Sezan (Paul Cezanne; 1839-1906) anadan olub.

19 yanvar 1865 – Rus rəssamı, portret janrının ustası Valentin Serov (1865-1911) anadan olub.

Hazırladı:  Vüqar ORXAN