Bir vaxtlar Şuşa şəhərində ucalan Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri 1994-cü ildən Bakıda – müvəqqəti məkanda qərar tutmuşdu. Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində xüsusi ayrılmış məkanda qoyulmuş bu abidələrin üzərindəki güllə izləri erməni vandalizminin tarixə acı görk olan nümunəsidir.
Hər il 18 sentyabr – Milli Musiqi Günü münasibətilə keçirilən mərasimlərdə Milli İncəsənət Muzeyinin həyətindəki “güllələnmiş heykəllər” də ziyarət olunurdu. Həmçinin ölkəmizə təşrif buyuran, Milli İncəsənət Muzeyini ziyarət edən əcnəbi qonaqlara da “Güllələnmiş heykəllər” haqqında məlumat verilirdi.
Hər il ötdükcə – Şuşa həsrətli bu sənət əsərləri də, Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın didərgin ruhları kimi, əzəli məkana qayıdacaqları günü gözləyirdilər...
Axırıncı dəfə “Güllələnmiş heykəllər” 2020-ci il sentyabrın 18-də ziyarət olunmuşdu. Mərasimdə Mədəniyyət Nazirliyinin rəhbər şəxsləri, mədəniyyət və incəsənət xadimləri iştirak etmiş, çıxışlar olmuşdu.
Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov çıxışının sonunda bu abidələrin tez bir zamanda əvvəlki yerlərinə – Şuşaya qaytarılacağına inamını ifadə etmişdi...
Doqquz gün sonra – 2020-ci ilin 27 sentyabrında həmin inamı reallaşdıracaq tarix yetişdi.
Azərbaycan Ordusu Ali Baş Komandanın “İrəli!” əmri ilə Vətən torpaqlarını yağı düşməndən azad etmək üçün müqəddəs savaşa başladı.
Hər günü zəfər soraqlı olan Vətən müharibəsinin 42-cü günü Şuşada bayrağımız dalğalandı. Şuşa zəfəri Vətən müharibəsində qalibiyyəti də (10 noyabr) gətirdi...
İki ay sonra illərdir arzu-dilək olaraq dilə gətirdiyimiz o günün də şahidi olduq – Natəvanın, Üzeyir bəyin, Bülbülün “güllələnmiş heykəllər”i əzəli məkanına qayıtdı.
Yanvarın 14-də Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində ədəbi və mədəni irsimizin bu üç böyük şəxsiyyətinin tunc abidələri üzərindən örtüyü götürdü – hər üç sənət əsəri yenidən doğuluşunu yaşadı.
Ali Baş Komandan İlham Əliyev: “Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Şuşa Mədəniyyət Mərkəzi, Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib.
Xurşudbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1982-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşudbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi.
Sonra müxtəlif vaxtlarda bəzi insanlar mənə müraciət etmişdilər ki, bəlkə bu büstləri Bakının hər hansı bir yerində qoyaq, orada olsun. Dedim ki, yox. Onları biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq.
Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Biz qaytarmışıq onları, düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımızdan rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq. Burada duracaq, Şuşaya gələn hər bir insan yaxından görəcək erməni vəhşiliyini.
Tarixi ədalət bərpa olunur. Biz tarixi ədaləti bərpa edirik - güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır!”
İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır. Bu abidələrin hər biri isə üzərindəki güllə izləri ilə erməni vandalizmini tarixin gələcək səhifələri üçün yaşadacaq...Yaşadacaq ki, o keçmişi bir daha unutmayaq...
Vüqar ORXAN