Yanvarın 17-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.
Qonaqlar Ermənistan tərəfindən dağıdılan Ağdam şəhərinin xarabalıqları ilə tanış olub, Ağdam Cümə məscidini ziyarət ediblər. Ağdam Dram Teatrı binasının və bir vaxtlar məşhur olmuş Çörək muzeyinin binalarının qalıqlarına da baxan nümayəndə heyəti Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan Cavanşirin türbəsini də ziyarət edib.
Qeyd edək ki, nümayəndə heyətinə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Şurasının baş katibi Bağdat Amreyev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türk Şurası baş katibinin müavini Qismət Gözəlov, qurumun layihə direktoru Fərrux Cumayev, Azərbaycan Xarici İşlər Nazirliyinin II Avropa idarəsi rəisinin müavini Zamin Əliyev, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı və digər şəxslər daxildir.
***
Türk Şurası hər zaman beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bununla əlaqədar müvafiq qətnamələr, qərarlar də qəbul edilib.
Bu sözləri Ermənistan tərəfindən yerlə-yeksan edilən Ağdam şəhərinin dağıntıları ilə tanış olan Türk Şurası baş katibinin müavini Qismət Gözəlov deyib.
O bildirib ki, İkinci Qarabağ müharibəsində də Türk Şurası Azərbaycan xalqının, dövlətinin yanında olub. Baş katib Bağdat Amreyevin Gəncəyə də səfəri olmuşdu: “Baş katib Gəncədə ermənilərin törətdiyi vəhşiliklə bağlı bəyanat vermişdi. Müharibədən sonra buraya gəlməkdə məqsədimiz odur ki, erməni vəhşiliyini bir daha bütün dünyaya göstərək. Tarixi irsimizin bərpası ilə bağlı Azərbaycanla birgə müvafiq addımlar atmaq niyyətindəyik. Həmçinin işğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı, investisiyaların təşviqi, mədəni abidələrimizin bərpası ilə əlaqədar işlər görmək istəyirik”.
***
Ermənistan Ağdamda tarixi, dini abidələri talan edib, dağıdıb. Bu, insanlığa qarşı cinayətdir.
Bu sözləri jurnalistlərə müsahibəsində Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib.
O qeyd edib ki, artıq ikinci dəfədir bu ərazilərə gəlir: “Ötən il biz diplomatik nümayəndəliklərin səfəri zamanı bura gəlmişdik. İlk növbədə biz sevinc hissi keçiririk ki, Azərbaycan öz əzəli torpaqlarına qovuşub. Digər tərəfdən isə belə dəhşətli faciənin şahidi oluruq. Çünki burada tarixi, dini abidələr talan edilib, dağıdılıb. Bu, insanlığa qarşı bir cinayətdir. Biz buna biganə qala bilmərik. Hesabatlar hazırlamışıq və onu aidiyyəti üzrə beynəlxalq qurumlara göndərəcəyik. Biz, eyni zamanda, bu gözəl torpaqlarımızın, abidələrimizin yenidən bərpasında da rol oynamaq istəyirik".
***
Nümayəndə heyəti daha sonra Füzulinin rayonun işğaldan azad olunan ərazilərinə səfər edib. Qonaqlar Füzuli-Şuşa yolunun tikintisi ilə tanış olublar, Füzuli şəhərinin xarabalıqlarına, Füzuli şəhərində dağıdılmış məscidə, “Araz” qəzeti redaksiyası binasının qalıqlarına baxıblar.