Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Bakıdakı alman lüteran kilsəsi (kirxa) barədə hazırlanan videoçarxı təqdim edib.

Videoçarxda “Xilaskar kilsəsi” kimi tanınan alman lüteran kilsəsinin 1896-1899-cu illərdə alman memar Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edildiyi qeyd olunur. Bildirilir ki, kilsə, Nobel qardaşları da daxil olmaqla, dindarların ianələri ilə inşa edilib.

1899-cu ildə istifadəyə verilən alman kirxası o dövrdə Bakının ən nadir arxitektura inciləri sırasına daxil olur. 1900-cü ildə burada orqan quraşdırılır və ilk konsert təşkil olunur.

30-cu illərdə sovet rejimi tərəfindən bir çox dini məbədlər sökülüb dağıdılsa da, əsasən mədəni tədbirlər məkanı kimi tanınan alman kirxası özünü qoruyub saxlaya bilir. Daha sonra kirxa binası kamera və orqan musiqisi zalı kimi Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə verilir.

2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Kamera və orqan musiqisi zalı əsaslı təmir olunub. Azərbaycan mütəxəssisləri tərəfindən aparılan əsaslı təmir və bərpa işləri binanın özünəməxsus orijinal üslubunu, tarixi memarlığını qorumaqla həyata keçirilib.