Şuşaya əzəli “sakinlər” olaraq ilk onlar qayıtdı. Şuşa əsrlər boyu qədim mədəniyyətin beşiyi, Qarabağın incisi olub. Bu abidələrin hər biri Şuşanın zəngin ədəbi-mədəni mühitinin görkəmli simalarının xatirəsini yaşatmaqla bərabər, tanınmış sənətkarların, tişə ustalarının yaratdığı əsərlər kimi də qiymətlidir.
Bu sənət əsərləri, həmçinin “Biz Qarabağda mədəniyyəti dirçəldəcəyik” amalının ilk müjdəçiləridir Şuşa torpağında...
Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev deyir ki, büstlərin hər üçü 1980-ci illərin əvvəlində hazırlanıb. 1982-ci ildə Şuşada təşkil edilən Vaqif poeziya günləri çərçivəsində Həyat Abdullayevanın müəllifi olduğu Natəvanın büstünün açılışı olub. Açılış ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilib.
Əməkdar incəsənət xadimi Həyat Abdullayeva 1912-ci il oktyabrın 14-də Dərbənd şəhərində anadan olub. 1942-ci ildə Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olan Həyat xanım dəzgah heykəltəraşlığı sahəsində Azərbaycanda ilk alitəhsilli heykəltəraş qadın olub. Milli İncəsənət Muzeyində onun “Ana”, “Həcər” kimi əsərləri qorunur. 1957-ci ildə Şuşada ucaldılan Molla Pənah Vaqifin heykəlinin müəllifi də Həyat Abdullayeva olmuşdu. Həmin heykəl erməni işğalçılarının hücumu zamanı dağıdılıb.
Üzeyir bəy və Bülbülün büstləri isə o zaman Həyat Abdullayevanın tələbələri olan heykəltəraşlar Xanlar Əhmədov və Namiq Dadaşovun birgə işidir. Hər iki büst 1984-cü ildə qoyulub. Əsasən dəzgah və monumental heykəltəraşlıq sahəsində işləyən Xalq rəssamı Xanlar Əhmədov bir sıra məşhur monumental layihələrin müəllifidir. Xocalı faciəsini əks etdirən silsilə əsərləri yaradıb. Sənətkar yaxın günlərdə paytaxtımızda ucaldılacaq H.Z.Tağıyevin heykəlinin də müəllifidir.
Əməkdar rəssam, heykəltəraş Namiq Dadaşov da tanınmış tişə ustasıdır. O, həmçinin Şuşada işğal zamanı ermənilər tərəfindən dağıdılan Qasım bəy Zakirin heykəlinin müəllifidir.
Bütün xalq inanır ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə doğma Şuşamız tezliklə öz əvvəlki şöhrətini qaytaracaq, dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Yenə İsa bulağı, Cıdır düzü öz məclisləri ilə göz oxşayacaq, Şuşa şairlərimizin, yazıçılarımızın ədəbi-bədii tədbirlərinin keçirildiyi məkana çevriləcək. Prezidentin də vurğuladığı kimi, əziz Şuşa, biz səni dirçəldəcəyik!
Lalə AZƏRİ