Hər abidə bir tarix, ulu babalarımızın bizim üçün qoyub getdiyi müqəddəs əmanətdir. Şabran şəhəri də qədim tarixə malik olmaqla yanaşı, abidələrlə zəngindir.
Yaşı neçə-neçə əsrləri adlamış tikililəri, istehkamları, tarixi-etnoqrafik baxımdan maraqlı sənət nümunələri Şabrana mədəni zənginlik bəxş edib. Məhz buna görə də buranı “abidələr xəzinəsi” də adlandırırlar.
Qədim Şabran, kiçik şəhər olsa da, özündə 7 abidənin tarixini yaşadır. Tarixi abidələr dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Ölkə Prezidentinin 2019-cu il 15 yanvar tarixli sərəncamına əsasən, Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi üçün vəsait ayrılıb. Abidədə bərpa-konservasiya işlərinə başlanıb. Onu da qeyd edək ki, dövlət başçısının 22 oktyabr 2019-cu il tarixli sərəncamı ilə “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.
Dünyada tüğyan edən koronavirus pandemiyası Azərbaycanda da bütün sahələrə öz mənfi təsirini göstərib. Çıraqqala qoruğunda gedən təmir işləri də pandemiya səbəbindən bir müddət ləngimişdi. Amma bir neçə aydır bərpa işləri öz axarına düşüb.
Hazırda Çıraqqala abidəsində əvvəlki görünüşü saxlanılmaqla təmir-bərpa həyata keçirilir. Maraqlı haldır ki, tikinti işləri aparılarkən qala ərazisində qazıntı zamanı müxtəlif formalı eksponatlar aşkara çıxarılır. Sonuncu dəfə tapılan eksponatlar təkcə quruluş baxımından deyil, tərkibinə görə də bir-birindən fərqlənir. Bu fərqlilik arxeoloqların da diqqətini cəlb edib. Materialların tərkibi və tarixini araşdırılmaq məqsədilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna aparılıb.
Güman edirik ki, təmir işləri davam etdiyi müddətcə qalanın tarixini özündə əks etdirən yeni eksponatlar aşkar ediləcək. Bu günə qədər və bundan sonra da əldə edilən maddi mədəniyyət nümunələri “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun muzeyini zənginləşdirəcək. Eyni zamanda qoruq ərazisinin turizm marşrutlarına daxil edilməsi bu tarixi-mədəni mirasın daha geniş təbliğinə vəsilə olacaq.
V.BƏBİROVA,
G.PİRQULİYEVA
“Çıraqqala-Şabran” qoruğunun əməkdaşları