Azərbaycan
20 yanvar 1882 – Şair Bədri Seyidzadə (Bədrəddin Mir Kazım oğlu Seyidzadə; 1882-1945) Bakının Keşlə kəndində doğulub.
20 yanvar 1924 – Əməkdar incəsənət xadimi Yusif Məmməd oğlu Bağırov (1924 – 28.11.1996) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor və baş rejissor işləyib, “Azərbaycanfilm” kinostudiyasında filmlərin ikinci rejissoru olub.
20 yanvar 1946 – Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər (1946 – 2.3.2018; Tahir İsmayıl oğlu Əkbərov) anadan olub. Simfonik və kamera əsərlərinin, populyar mahnıların (“Dərdin alım”, “Heç küsməyin yeridirmi?”) müəllifidir.
20 yanvar 1977 – Şair, publisist, Əməkdar mədəniyyət işçisi Zeynal Əliabbas oğlu Cabbarzadə (31.12.1920 –1977) vəfat edib. Uşaq-gənclər üçün kitabların müəllifidir: “Çinar”, “Arzular”, “Uca dağ başında”, “Bizim dünya” və s.
20 yanvar 2010 – Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində 20 Yanvar abidə kompleksinin açılışı olub. Abidə kompleksinin memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir.
21 yanvar 1907 – Tanınmış tarixçi və iqtisadçı, akademik Əlisöhbət Sumbat oğlu Sumbatzadə (1907 – 22.1.1992) Bakının Əmircan kəndində doğulub. Azərbaycan xalqının etnogenezinə dair tədqiqat əsərlərinin müəllifidir.
21 yanvar 1924 – Məşhur bəstəkar, Xalq artisti Şəfiqə Qulam qızı Axundova (1924 - 26.7.2013) Şəkidə doğulub. Azərbaycanda opera (“Gəlin qayası”) yazmış ilk qadın bəstəkardır. “Ev bizim, sirr bizim” operettasının, populyar mahnıların (“Mehriban olaq”, “Nədən oldu” və s.), romansların müəllifidir.
21 yanvar 1950 – Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub (1950 – 9.1.2016) Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulub. “Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Şairin taleyi” və s. kitabların müəllifidir. Milli Məclisin deputatı (1995-2005), Azərbaycan Aşıqlar Birliyinin sədri (2008-2016) olub.
21 yanvar 2000 – Görkəmli bəstəkar, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərov (22.2.1924 – 2000) vəfat edib. “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” operettaları, “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları, “Bayatı-Şiraz” simfonik muğamı və digər musiqi əsərlərinin müəllifidir.
21 yanvar 2008 – Azərbaycan vokal sənətinin tanınmış nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (17.4.1929 – 2008) vəfat edib. Opera və Balet Teatrında çalışıb, operalarda baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.
22 yanvar 1892 – Görkəmli boyakar və qrafika ustası Bəhruz Şirəli bəy oğlu Kəngərli (1892 – 7.2.1922) Naxçıvanda anadan olub. Əsərlərində Vətənin gözəlliklərini (“Gecə mənzərəsi”, “İlan dağı” və s.) tərənnüm edib. “Qaçqınlar” silsiləsi (1918-1921) ermənilər tərəfindən tarixi yurdlarından qovulan soydaşlarımızın taleyinin bədii inikasıdır.
22 yanvar 1926 – Nasir, publisist, tərcüməçi Məmmədrza Abdulla oğlu Afiyət (Mərəndi; 1926-1995) anadan olub.
Dünya
20 yanvar 1804 – Fransız yazıçısı Ejen Syu (Marie Joseph Eugene Sue; 1804-1857) anadan olub. “Parisin sirləri”, “Matilda”, “Məhəbbət uşaqları” və s. romanların müəllifidir.
20 yanvar 1920 – İtalyan kinorejissoru Federiko Fellini (Federico Fellini; 1920 – 31.10.1993) anadan olub. Beş dəfə “Oskar” mükafatına (o cümlədən fəxri “Oskar”) layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım”, “Amarkord” və s.
21 yanvar 1861 – Fransız rejissoru, dünya kinematoqrafının banilərindən biri Jorj Melyes (Maries-Georges-Jean Melies; 1861-1938) anadan olub. 1897-ci ildə yaratdığı “Star Film” studiyasında qısametrajlı filmlər çəkib.
21 yanvar 1906 – SSRİ Xalq artisti, məşhur baletmeyster İqor Aleksandroviç Moiseyev (1906 – 2.11.2007) anadan olub.
22 yanvar 1729 – Alman klassik ədəbiyyatının banisi, dramaturq, incəsənət nəzəriyyəçisi Qothold Efraim Lessinq (Gotthold Ephraim Lessing; 1729-1781) anadan olub.
22 yanvar 1788 – İngilis şairi Corc Qordon Bayron (George Gordon Byron; 1788 – 19.4.1824) anadan olub.
22 yanvar 1898 – Rus rejissoru, kino nəzəriyyəçisi Sergey Mixayloviç Eyzenşteyn (1898-1948) anadan olub.
Hazırladı: Vüqar ORXAN