Milli Məclisin Sədri Sahibə Qafarova yanvarın 19-da Türk Şurasının Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı –TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Türk dünyasını təmsil edən qurumların nümayəndələri ilə görüşdən məmnun olduğunu söyləyən Sahibə Qafarova qeyd edib ki, bu təşkilatlar xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə layiqli töhfələr verir. Bildirilib ki, bu gün ölkələrimizin liderləri arasında dostluq münasibətləri, onların ortaq köklərimizə göstərdikləri hörmət və qayğı təqdirəlayiq olmaqla yanaşı hər kəs üçün örnək təşkil edir.

Nümayəndə heyəti üzvlərinin Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfərlərini yüksək qiymətləndirən spiker müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində qazandığı qalibiyyəti böyük tarixi hadisə kimi dəyərləndirib. Sahibə Qafarova Vətən müharibəsində Azərbaycana verdiyi dəstəyə görə Türk Şurasının Baş katibinə təşəkkür edib.

Bildirilib ki, qurum təkcə türk dövlətlərini bir araya gətirməklə kifayətlənmir, həmçinin digər dövlətlər və regionlar arasında da körpü rolunu oynamağı hədəfləyir, öz fəaliyyətində ortaq tarix, dil, mədəniyyət kimi dəyərlərə əsaslanır.

Sədr milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsində Türk Şurası ilə birlikdə TÜRKPA, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumların fəaliyyətindən danışaraq bildirib ki, bu təşkilatlar ölkələrimiz arasında iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə mövcud olan əməkdaşlığın dərinləşməsində yaxından iştirak edir.

Səmimi qəbul üçün nümayəndə heyəti adından minnətdarlığını bildirən Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə münasibətilə xalqımızı təbrik edib.

O, nümayəndə heyətinin Ağdam və Füzuli bölgələrində erməni işğalçıları tərəfindən törədilmiş vandalizmin şahidi olduqlarını diqqətə çatdıraraq bu ərazilərin bərpasında Türk Şurasının da iştirak etmək istədiyini bildirib.

Qonaq təmsil etdiyi təşkilatın bundan sonra da türkdilli xalqlar naminə beynəlxalq müstəvidə fəaliyyətini daha da genişləndirəcəyini deyib. Vurğulanıb ki, bu gün 10-dan çox dövlət Türk Şurası ilə daha yaxından əməkdaşlıq etmək niyyətindədir.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətləri barədə məlumat verib, əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.