Tofiq Heydərov: “Gələcək repertuarımızın ana mövzusu Qarabağın, cəsur əsgərlərimizin və qəhrəman şəhidlərimizin vəsfi olacaq”
2021-ci ilin yanvar ayında Lənkəran Dövlət Dram Teatrının 130 yaşı tamam olur. Yubiley münasibətilə teatrın direktoru Tofiq Heydərovla görüşüb söhbət etdik.
– Tofiq müəllim, teatrın tarixi və sənət yolu barədə nə deyə bilərsiniz?
– Lənkəranda professional teatrın təşəkkülü XIX əsrin sonlarına təsadüf edir. AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin təqdimatına əsasən Mədəniyyət Nazirliyi Lənkəranda 1891-ci ilin yanvarında Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsəri əsasında “Oddan-alova” adlı komediyanın tamaşaya qoyulmasını Lənkəran teatrının yaranma tarixi kimi təsdiqləyib.
Məlumat üçün bildirim ki, Lənkəranda işləmək, burada maarif və mədəniyyət toxumunu yaymaq bir çox sənətkarların həyat məqsədi olub. Azərbaycanın görkəmli bəstəkarı Müslüm Maqomayev 1905-ci ilin sentyabr ayından Lənkəranda müəllimlik fəaliyyətinə başlayaraq, burada dördsinifli məktəbdə coğrafiya və təbiət fənlərini tədris edib. Teatrın Lənkəranda təşəkkül tapmasında SSRİ Xalq artisti, görkəmli səhnə ustası Sidqi Ruhullanın da böyük yaradıcılıq köməyi olub. 1912-ci ildə Lənkərana gələn S.Ruhulla burada dram heyəti yaratmaq istəyən həvəskarlarla Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, N.Nərimanovun “Nadir şah”, N.Vəzirovun “Ev tərbiyyəsinin bir şəkli” və s. əsərləri səhnələşdirib.
Yerli ziyalılardan Teymur Şahverdiyevin “Altı rəfat” və “Həqiqi röya” adlı əsərlərinin 1923-cü ildə səhnələşdirilməsi də böyük əks-sədaya səbəb olub. Hər iki əsər yeni yaradılan Hüseyn Ərəblinski adına Xalq teatrı artistlərinin və yerli ziyalıların qüvvəsi ilə hazırlanıb. Xalq teatrı 10 ildən artıq fəaliyyət göstərərək, sonralar yaradılan peşəkar teatr üçün zəmin olub. Azərbaycanın tanınmış artistləri və müğənnilərindən Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Haşım Kələntərli, İsmayıl Talışinski, Cahan xanım Talışinskaya kimi sənətkarlar ilk addımlarını Lənkəran teatrının səhnəsində atıblar.
Lənkəran Dövlət Dram Teatrı 1934-cü ilin dekabrından 1949-cu ilə kimi səmərəli fəaliyyət göstərib. Böyük Vətən müharibəsi illərində arxa cəbhədə qazandıqları müvəffəqiyyətlərə görə teatrın direktoru və rejissoru Qəni Vəliyev və aktyor Kamil Nəcəfov “Azərbaycan SSR-in Əməkdar artisti” fəxri adına layiq görülüb, bir qrup aktyor isə Ali Sovetin fəxri fərmanları ilə təltif olunub. 50-ci illərdə mərkəzi hökumətin qərarı ilə Sovet İttifaqının respublikalarında, o cümlədən Azərbaycanda bölgə teatrlarının fəaliyyəti dayanmışdı. Lənkəranlıların teatr sənətinə sonsuz məhəbbəti nəticəsində isə 1959-cu ilin dekabrında rayonda yenidən H.Ərəblinski adına Xalq teatrı təşkil edilib. Cavan yaradıcı qüvvələrlə müntəzəm iş aparmaq, yeni istedadları axtarıb tapmaq, repertuarı müasir həyatla səsləşən əsərlərlə zənginləşdirmək və beləliklə, xalqa mədəni xidmət göstərmək kimi vəzifələr teatrın əsas fəaliyyət proqramı olub. Xalq teatrına respublikanın Əməkdar artisti Kamil Nəcəfov rəhbərlik edib.
– Bildiyimizə görə, Lənkəran Dövlət Dram Teatrı uzun fasilədən sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yenidən fəaliyyətə başlayıb...
– Bəli, bu, 1973-cü il dekabrın 6-na təsadüf edib. Ulu öndər bütün fəaliyyəti dövründə mədəniyyətimizin və incəsənətimizin inkişafı istiqamətində bir sıra layihələrin həyata keçirilməsində əlindən gələni əsirgəməyib. Lənkəranda ikinci dəfə professional teatrın təşkil edilməsi də onun təşəbbüsü ilə gerçəkləşib.
Həmin vaxtdan ötən 48 ildə teatrımızda 250-dən çox əsərə səhnə həyatı verilib. Teatr nəinki respublikamızda, eyni zamanda bir sıra ölkələrdə, o cümlədən Özbəkistanda, Gürcüstanda qastrol səfərlərində olub, qardaş Türkiyənin İstanbul, Ankara, Dənizli və Konya şəhərlərində, İran İslam Respublikasında keçirilən beynəlxalq festivallarda uğurlar qazanıb. Teatrda səhnəyə qoyulan Üzeyir Hacıbəylinin “Olanlardan-keçənlərdən” və Cəlil Məmmədquluzadənin “Ölülər” əsərlərinin tamaşaları Azərbaycan Televiziyasının “qızıl fond”una daxil edilib.
2004-cü ildə Lənkəran Dövlət Dram Teatrının binası əsaslı şəkildə təmir edilərək, yenidən qurulub. Həmin il noyabrın 9-da Lənkərana gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev teatrda olub və görülən işləri yüksək qiymətləndirib. Hazırda teatrımızda iki nəfər Xalq artisti, iki Əməkdar artist, bir Əməkdar incəsənət xadimi, həmçinin yüksək ad və şərəfə layiq olan onlarla sənət fədaisi çalışır.
– 2019-cu ilin əvvəllərində dövlət başçısı tərəfindən respublika teatrlarına böyük dəstək göstərildi. Sizin kollektiviniz də bu dəstəkdən kənarda qalmadı...
– Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə mədəniyyətə, incəsənətə, o cümlədən teatr sənətinə yüksək qayğı göstərilir. 2019-cu il martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə keçirilən görüşdə də bunun bir daha şahidi olduq. Azərbaycan dövləti mədəniyyətimizin qorunub saxlanılması, inkişaf etdirilməsi, gələcək nəsillərə çatdırılması və xüsusən, beynəlxalq aləmdə tanıdılması məsələlərində daim sənət adamlarının və mədəniyyət müəssisələrinin himayədarıdır.
Sözügedən görüşdə dövlətimizin mədəniyyət sahəsində çalışan insanların çıxışlarına diqqətlə qulaq asdığını, qaldırılan məsələyə konkret və yerindəcə münasibət bildirdiyini, müvafiq tapşırıqlar verdiyini böyük razılıq hissi ilə qarşıladıq. Ölkə başçısının teatr işçilərinin aylıq əməkhaqlarının artırılması barədə müvafiq qurumlara verdiyi göstəriş, həmçinin onun “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 4 mart 2019-cu il tarixli sərəncamı sevincimizə səbəb oldu. Həmin sərəncamla bizim teatra da ayrılmış 100 min manat pul vəsaiti hesabına maddi-texniki bazamızı müəyyən qədər yeniləməyə nail olduq.
– Hazırkı koronavirus pandemiyası şəraitində fəaliyyətinizi necə qurmusunuz?
– Açığını deyim ki, 2020-ci ilə yüksək əhval-ruhiyyə ilə başlamışdıq, çünki qarşıda iki qastrol səfərimiz var idi. May ayında Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala və Dərbənd şəhərlərində C.Cabbarlının “Vəfalı Səriyyə”, iyun ayında isə Qazaxıstanın Aktau şəhərində H.Mirzənın “Moskvalı gəlin” tamaşaları ilə çıxışımız nəzərdə tutulmuşdu. Çox təəssüflər olsun ki, ölkənin digər konsert-tamaşa müəssisələri kimi, bizim də bir sıra layihələri gerçəkləşdirməyə imkanımız olmadı.
Qeyd edim ki, əksər ölkələrin çətin vəziyyətlə qarşılaşdığı bir vaxtda Azərbaycanda dövlət səviyyəsində görülən təsirli tədbirlər nəticəsində pandemiya, Allaha şükür ki, respublikamızda ciddi fəsadlara səbəb ola bilmədi. Ötən dövr ərzində biz də öz fəaliyyətimizi mövcud karantin şəraitinin tələblərinə uyğun qurmuşuq, iş-gücümüzdən heç də tamamilə təcrid olunmamışıq. Yaradıcılıq fəaliyyətimizi virtual qaydada davam etdirməklə teatrın “YouTube” və “Facebook” səhifələrindən tamaşalarımızı qabaqcadan tərtib olunmuş repertuar planı əsasında izləyicilərə təqdim edirik. Kollektivimizdə yaradıcılıq prosesinin gücləndirilməsi bundan sonra da əsas prioritetlərimizdən olacaq. Bunun üçün müəyyən planlar üzərində düşünürük.
Hələ yay aylarında pandemiyadan sonrakı dövrdə tamaşaçıların psixoloji durumunu nəzərə alaraq komediya janrında tamaşa hazırlamaq məqsədilə ölkə üzrə gənc rejissorlar üçün müsabiqə elan etmişdik. Bu barədə mətbuatda və internet portallarında xəbərlər də yayımlandı. Şərtlərə görə, rejissorlar seçdikləri əsərin eksplikasiyasını bizə təqdim edir və həmin əsər teatrın bədii şurasında müzakirə olunub bəyənildikdən sonra tamaşanın hazırlanması ilə bağlı rejissorla müqavilə bağlanılır. Təəssüf ki, aradan xeyli müddət keçməsinə baxmayaraq, heç bir gənc rejissor bizə müraciət etmədi. Müsabiqəmiz isə hələ də qüvvədədir, ancaq indi gənclərlə bərabər yaşlı nəsil rejissorları da müsabiqəyə qatılmağa dəvət edirik.
Biz respublika və xarici ölkə teatrları, eləcə də Mədəniyyət Nazirliyinin regional idarələri ilə sıx əlaqə yaradaraq əməkdaşlıq edir və işlərimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq. Belə əməkdaşlıq, şübhəsiz ki, teatrın yaradıcı kollektivinin peşəkarlıq səviyyəsinin inkişafına da xidmət edir.
– Çox güman ki, bundan sonrakı fəaliyyətiniz dövründə teatrın repertuarında 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər mövzusunda səhnə əsərləri də yer alacaq...
– Əlbəttə! Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun respublikamızın ərazi bütövlüyünün bərpası və tarixi ədalətin bərqərar edilməsi uğrunda apardığı savaşda əldə etdiyi Qələbə, ölkəmizin hər bir vətəndaşı kimi, biz lənkəranlı sənətçilərin də sevincinə və ruh yüksəkliyinə səbəb oldu. Vətən müharibəsi xalqımızın 30 illik Qarabağ həsrətinə son qoydu. Şanlı Ordumuzun qazandığı qələbələri, əsgərlərimizin şücaətini, xalqımızın vətənpərvərliyini vəsf etmək məqsədilə “Zəfərin mübarək, Azərbaycan!” adlı audioçarx formatında ədəbi-bədii və musiqili kompozisiya hazırlamışıq. Tez-tez yenilənən audioçarx səsgücləndirici qurğular vasitəsilə Lənkəranın müxtəlif ərazilərində, qəsəbə və kəndlərində səsləndirilir. Aktyorlarımızın ifasında audiolentə alınmış “İgid əsgər, möhkəm dayan!”, “Əziz, doğma Şuşamız”, “Qarabağ Azərbaycandır!”, “Müzəffər Ali Baş Komandan” və digər bu kimi başlıqlı şeirlər, mahnılar, musiqi nömrələri yerli sakinlər tərəfindən rəğbətlə qarşılanır.
O ki qaldı gələcək fəaliyyətimizə, inşallah, hamılıqla pandemiyanı dəf edəndən sonra teatrımızın repertuarının ana mövzusu Qarabağın, şanlı Ordumuzun, cəsur əsgərlərimizin və canlarını Vətən uğrunda fəda etmiş qəhrəman şəhidlərimizin vəsfi olacaq. Bu mövzuda tamaşa hazırlamaq üçün respublikamızın tanınmış rejissoru ilə danışıqlar aparmışıq. Ümid edirəm ki, bu tamaşa həm də Lənkəran teatrının 130 illik yubileyinə əsl töhfə olacaq. Fikrimiz var ki, bu tamaşa ilə həmçinin qastrol səfərlərinə çıxaq. Fürsətdən istifadə edərək kollektivimiz adından ölkə başçısını, Mədəniyyət Nazirliyinin rəhbərliyini əmin etmək istəyirəm ki, teatr sənətinin inkişafı, gənc nəslin mənəvi tərbiyəsi üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcək, günün tələblərinə cavab verən yüksək səviyyəli tamaşalar hazırlayacağıq.
– Tofiq müəllim, müsahibəyə görə çox sağ olun. 130 illik yubileyiniz mübarək!
– Təşəkkür edirəm.
Ağaddin BABAYEV
yazıçı-publisist, teatrşünas
Lənkəran