44 gün çəkən haqq savaşımızda qəhrəmanlığı ilə ad qoyub gedən oğullardan biri də Masallı rayonunun Güllütəpə kəndində dünyaya göz açan Ülvi Nüsrətbəylidir. Ülvi üçün Vətən, torpaq sevgisindən ülvi, bu sevgidən müqəddəs heç nə yox idi. 21 yaşında canını qurban verdi ki, təki Vətən var olsun, ocaq-ocaq parçalanmış yurd yerlərimiz bütövləşsin...
Xalqına, elinə fayda vermək əzmi onu Lənkəran Dövlət Universitetinə aparır. Tələbəlik illərində dərin savadı, iti zəkası, həyata baxışı ilə seçilir. 2020-ci ildə universiteti bitirib iyul ayında hərbi xidmətə yola düşür. İlk gündən Vətənin keşiyində vicdanla, qeyrətlə durur. Məhz buna görə də əsgərlər, zabitlər ürəyi sevdalı Ülviyə hörmət bəsləyir.
Ülvi Vətən müharibəsində erməni işğalçılarına qarşı Füzuli-Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə igid kimi vuruşur, qəhrəmanlıq göstərir. Şəhidlik zirvəsinə ucalmaqla, qəlbindəki Vətən məhəbbəti ona əbədi həyat qazandırır.
İndi Güllütəpə kəndinin, Masallı rayonunun sakinləri Vətən sevdalı oğlunu başının tacı bilir, onunla qürur duyurlar. Ülvi Nüsrətbəyli Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü