Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Əlcəzairin Milli Arxivi əməkdaşlıq edəcək. Bu barədə yanvarın 26-da Əlcəzairin ölkəmizdəki səfiri xanım Salima Abdelhak ilə Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov arasında görüşdə söhbət aparılıb.

Səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Qonağa Milli Arxiv İdarəsinin fəaliyyəti, arxivlərdə mühafizə edilən sənədlər barədə qısa məlumat verilib.

Azərbaycan arxivləri ilə əlaqələrin qurulması, təcrübə mübadiləsi məsələlərinin həllinin hər iki ölkənin müvafiq strukturlarının gələcək fəaliyyətində önəmli rol oynayacağını bildirən xanım diplomat əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra Əlcəzair səfiri Dövlət Tarix Arxivində mühafizə edilən sənədlərlə, həmçinin Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılan və Əlcəzair-Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələri özündə əks etdirən kino-foto materiallarla tanış olub.