Layihəni ADA Universiteti nəzdində yaradılan tədqiqat qrupu reallaşdıracaq

Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Ordumuzun Vətən müharibəsində əldə etdiyi qalibiyyət, eyni zamanda ölkəmizin gələcək inkişafı üçün yeni bir dövrün başlanğıcıdır. İşğaldan azad edilmiş torpaqların bərpası və həmin yerlərdə hərtərəfli inkişafın təmin edilməsi bu gün prioritet vəzifədir.

İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə ölkə başçısının müvafiq sərəncamına əsasən, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində müxtəlif işçi qruplarından ibarət İdarələrarası Əlaqələndirmə Mərkəzi fəaliyyət göstərir.

Akademik və təhsil məsələləri üzrə İşçi Qrupunun əsas fəaliyyət istiqaməti işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesi ilə bağlı elmi tədqiqatların və təhlillərin aparılmasıdır. Qrup müxtəlif elmi tədqiqat mərkəzlərini təmsil edən tanınmış alimlərdən ibarətdir.

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə qayıdışla əlaqədar məcburi köçkünlər arasında sorğular keçirilməsi və onların niyyətinin öyrənilməsi barədə müvafiq tapşırıq verdiyini bildirib. Məsələ ilə bağlı ümumi rəyin müəyyənləşdirilməsi, həmin ərazilərə qayıdanların ehtiyaclarının, onların bərpa işlərində iştirak imkanlarının, sahibkarların işğaldan azad olunmuş ərazilərə cəlb edilməsi şərtlərinin öyrənilməsi məqsədilə məcburi köçkünlər, habelə sahibkarlar arasında sorğuların keçirilməsi planlaşdırılır.

Layihənin ADA Universiteti nəzdində yaradılan xüsusi tədqiqat qrupu tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Layihəyə universitetin akademik heyəti ilə yanaşı, bir sıra nüfuzlu yerli və beynəlxalq elmi tədqiqat mərkəzlərinin, habelə ayrı-ayrı tanınmış alim və mütəxəssislərin cəlb olunması planlaşdırılır.

Sorğuların keçirilməsi ərəfəsində və onların nəticələri ilə bağlı KİV-də və sosial mediada müvafiq məlumatlar mütəmadi şəkildə təqdim ediləcək.

Tədqiqata hazırlıq məqsədilə ADA Universitetində keçirilmiş görüşdə universitetin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi – Akademik və təhsil məsələləri üzrə İşçi Qrupunun rəhbəri Emin Hüseynov və qrupun digər üzvləri iştirak ediblər.

Görüşdə sosioloji tədqiqatın həyata keçirilməsi ilə bağlı görüləcək işlər, sorğuların hazırlanması və aparılması zamanı diqqət yetirilməli olan məqamlar və digər aidiyyəti məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Yaxın vaxtlarda sorğuların keçirilməsinə başlanması nəzərdə tutulur.