Yanvarın 27-də Ağdaş Regional Mədəniyyət İdarəsində Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Məmməd Adil oğlu Ağammədli ilə görüş keçirilib.

Görüşdə çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun əldə etdiyi böyük Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, şanlı Zəfərin əldə olunmasında bütün Azərbaycan xalqı kimi mədəniyyət işçilərinin də öz payı olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, 44 günlük Vətən müharibəsində Ağdaş Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından mədəniyyət sahəsində çalışan ümumilikdə 7 nəfər erməni təxribatçılarına qarşı döyüş əməliyyatlarında iştirak edib. Onlardan Göyçay şəhər Uşaq musiqi məktəbinin qarmon müəllimi Alim İbrahimov şəhidlik zirvəsinə ucalıb.
Sonra Məmməd Ağammədli döyüş yolu barədə məlumat verib, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmasında iştirakından söz açıb.
Görüşün sonunda ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş Məmməd Ağammədliyə regional idarənin fəxri fərmanı və mükafatlar təqdim olunub.