Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi (MEDİA) ilə ADA Universitetinin birgə təşkil etdiyi “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusundakı seminarların ilk mərhələsi başa çatıb.

ADA Universitetindən verilən məlumata görə, 25-26 yanvar tarixində keçirilən seminarlarda dövlət qurumlarının mətbuat xidmətləri rəhbərləri, ictimaiyyətlə əlaqələr və mətbuatla iş üzrə məsul əməkdaşları iştirak ediblər.

Seminar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ADA Universitetinin media üzrə müəllimi Şəfəq Mehrəliyeva, “BP Azerbaijan” şirkətinin modernləşdirmə və transformasiya üzrə rəhbəri Rəşad Bayramov, ADA Universitetinin Siyasi tədqiqat və nəşrlər üzrə direktoru Damyan Krnceviç Mişkoviç,  Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, bir sıra media qurumlarının rəhbərlərinin iştirakı ilə panel müzakirələr təşkil edilib.

“İctimai əlaqələr şöbəsinin təşkilatdakı məqsədi və rolu”, “Media gündəminin qurulması. Xarici mediaya çıxış”, “Ənənəvi və sosial media” kimi mövzularda fikir mübadiləsi aparılıb.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev seminarları tamamlayan iştirakçıları təbrik edərək, onlara sertifikatlarını təqdim edib.

Seminarların növbəti mərhələsi fevralın 2-3-də keçiriləcək.

Qeyd edək ki, ADA Universiteti “Al Jazeera Media İnstitute” ilə əməkdaşlıq istiqamətində danışıqlara başlayıb. Universitet bu qurumla media və kommunikasiya sahəsi üzrə xarici mütəxəssisləri cəlb etməklə birgə təlimlər təşkil edəcək.