Mədəniyyət naziri Anar Kərimovun tapşırığına əsasən, yanvarın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan mədəniyyət işçilərinin ailə üzvləri və müharibə iştirakçısı olmuş, döyüşlərdə yaralanmış mədəniyyət işçiləri ilə görüş keçirildi.
İlk olaraq Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri Vüqar Məmmədov çıxış edərək 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş Vətən müharibəsində qazanılan Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, xalqımızın bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşməsi nəticəsində müzəffər Ordumuz 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarmızı işğaldan azad etdi.
Şöbə müdiri qeyd etdi ki, Vətən müharibəsi zamanı 8 nəfər mədəniyyət işçisi şəhid olub, döyüşlərdə iştirak etmiş mədəniyyət işçilərindən 10 nəfər yaralanıb. Mədəniyyət sahəsində çalışan 160-dan çox insanın yaxın qohumu şəhid olub, yaxud yaralanıb: “Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış mədəniyyət işçilərinin ailələrinə nazirlik tərəfindən maddi yardım göstərilib. Bundan sonra da bu istiqamətdə addımlar atılacaq. Şəhid mədəniyyət işçilərinin vaxtilə çalışdıqları müəssisələrdə və aidiyyəti rayonların aparıcı mədəniyyət ocaqlarında onlarla bağlı xatirə guşələri yaradılacaq, regionlarda fəaliyyət göstərən xalq teatrları tərəfindən Vətən müharibəsində iştirak etmiş, şəhid olmuş və yaralanmış şəxslərin keçdiyi döyüş yolunu əks etdirən tamaşalar hazırlanacaq, 27 sentyabr – Anım Günündə, habelə digər əlamətdar günlərdə şəhidlərə həsr olunmuş xatirə mərasimləri, digər tədbirlər keçiriləcək”.
Vüqar Məmmədov çıxışının sonunda Vətən torpağının azadlığı kimi müqəddəs amal uğrunda özünü fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, onların ailələrinə, yaxınlarına mətanət, yaralılara şəfa dilədi.
Daha sonra şəhid mədəniyyət işçilərinin ailə üzvləri çıxış edərək övladlarının adlarının əbədiləşdirilməsi haqqında təkliflərini irəli sürdülər. Döyüşlərdə yaralanmış mədəniyyət işçiləri isə onlara göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürlərini bildirdilər.
Sonda Vətən müharibəsində canını fəda edən mədəniyyət işçilərinə həsr olunmuş videoçarx nümayiş olundu.
Qeyd edək ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə minlərlə Vətən övladı ilə bərabər, mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri səfərbərliyə cəlb olunub. Müxtəlif bölgələrdə döyüşlərdə iştirak edən qəhrəman mədəniyyət işçilərindən 7 nəfər – Füzuli rayon 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Toğrul Hacıyev, Qobustan şəhər R.Behbudov adına Uşaq incəsənət məktəbinin müəllimi Rauf Əliyev, Gəncə şəhər Nizami məqbərəsinin bələdçisi Hikmət Məmmədov, Göyçay şəhər Uşaq musiqi məktəbinin müəllimi Alim İbrahimov, Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbinin müəllimi Zamin Rəhimov, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Hümmətov, Akademik Musiqili Teatrın işıq operatoru Əliağa Məmmədov şəhidlik zirvəsinə ucalıb. Bundan əlavə, Tərtər şəhər Uşaq musiqi məktəbinin müəllimi Mehman Əliyev 28 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində şəhid olub.
10 nəfər mədəniyyət işçisi – İsmayıllı Regional Mədəniyyət İdarəsinin aparıcı mütəxəssisi Orxan Babazadə, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının üzvü Fərrux Həsənov, Balakən rayon 1 saylı şəhər Sənətkarlıq klubunun müdiri Turan Musayev, C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin təsərrüfat müdiri Camaləddin Şahməmmədov, Yevlax şəhər 6 nömrəli Diyarşünaslıq klubunun metodisti Ələmdar Quliyev, Abşeron rayon Qobu qəsəbə Uşaq incəsənət məktəbinin müəllimi Məsim Məsimzadə, Leopold və Mstislav Rostopoviçlərin Ev-Muzeyinin elmi işçisi Vüqar Məmmədzadə, “Dublaj” studiyasının montajçısı Ömər Mirzəxanov, Akademik Milli Dram Teatrının rəssamı Tərlan Əsgərli və Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqqası Firdovsi Eyvazov döyüşlərdə yaralanıblar.
Onu da bildirək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, şəhid mədəniyyət işçiləri Əliağa Məmmədov, Toğrul Hacıyev, Rauf Əliyev, Hikmət Məmmədov, Alim İbrahimov, Zamin Rəhimov, Tural Hümmətov ölümlərindən sonra “Vətən uğrunda” medalı ilə təltif ediliblər. Həmçinin döyüşlərdə yaralanmış mədəniyyət işçiləri də müxtəlif medallara layiq görülüblər.
N.MƏMMƏDLİ